Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri ilə əlaqədar Bakının Suraxanı və Binəqədi rayonlarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və tam məhdudiyyət tətbiq olunacaq. Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 14-də saat 08:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
Demokrat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Anar Nəcəfli qeyd edib ki, sözügedən ərazidə təmir işləri asfalt örtüyünün yenilənməsi məqsədilə aparılacaq:
"İşlərə sabahdan başlanılacaq".

Qurumdan əlavə edilib ki, nəzərdə tutulan ərazidə təmir işlərinin bir neçə gün ərzində yekunlaşdırılması üçün çalışılacaq.
Qeyd edək ki, Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində isə oktyabrın 15-də saat 08:00-dan qismən, oktyabrın 16-da saat 23:00-dan etibarən tam məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunub.


