Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın "fəxri dəmiryolçusu" adına layiq görülüb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, "Rusiya Dəmir Yolları" şirkətinin baş direktoru Oleq Belozyorov bununla bağlı müvafiq əmr imzalayıb.
Kadırov dəmir yolu nəqliyyatının inkişafına və yüksək nəticələrin əldə olunmasına verdiyi töhfəyə görə bu fəxri ada layiq görülüb.
Qeyd edək ki, oktyabrın 5-də 50 yaşını qeyd edən Kadırov ay ərzində artıq altıncı dəfə müxtəlif mükafat və fəxri adlarla təltif olunub. O, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə "Ordu generalı" rütbəsi alıb. Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov isə ona tünd qırmızı beret təqdim edib.
Bundan başqa, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Kadırovu Rus Pravoslav Kilsəsinin I dərəcəli "Şöhrət və Şərəf" ordeni ilə təltif edib. Çeçenistan rəhbərinə Rusiya imperiyasının ilk müftisi Mühəmmədcan Xüseynovun adını daşıyan I dərəcəli orden də təqdim olunub. Bundan əvvəl isə Kadırov Rusiyanın "fəxri memarı" adına layiq görülüb.


