Özəl

Maşın aldım, bir həftə sonra "motor vurdu" — Qaytara bilərəm?

Maşın aldım, bir həftə sonra motor vurdu — Qaytara bilərəm?

Avtomobil alqı-satqısından sonra tərəflər arasında müxtəlif mübahisələr yaranır. Bəzən alıcı maşını aldıqdan bir müddət sonra nasazlıqlar aşkar etdiyini bildirərək onu geri qaytarmaq istəyir və satıcıdan məsuliyyət tələb edir.

Bəs belə hallarda qanun necə tənzimlənir?

Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a açıqlamasında bildirib ki, alqı-satqı müqaviləsinin şərtlərində avtomobilin satışı həyata keçirildikdən sonra aşkarlana biləcək qüsurların necə aradan qaldırılması və bu hallarda tərəflərin məsuliyyətinin nədən ibarət olması barədə hər hansı müddəa nəzərdə tutulmayıbsa, yaranmış vəziyyət mülki mübahisə hesab olunur.

Maşın aldım, bir həftə sonra motor vurdu — Qaytara bilərəm?

Onun sözlərinə görə, adətən, alqı-satqı müqaviləsinə əsasən, satıcı avtomobili istismara yararlı vəziyyətdə alıcıya təhvil verməyi, alıcı isə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür:

"Belə olan halda, avtomobilin təhvil verilməsindən sonra aşkarlanan qüsurlarla bağlı tərəflər arasında fikir ayrılığı yaranarsa, mübahisənin məhkəmə qaydasında həlli mümkündür. Bu zaman avtomobildəki qüsurların nə vaxt yarandığı, onların əvvəlcədən mövcud olub-olmadığı və satıcının həmin qüsurlar barədə məlumatlı olub-olmadığı kimi hallar əhəmiyyət daşıya bilər. Təcrübə göstərir ki, avtomobil alqı-satqısı zamanı tərəflər sonradan yarana biləcək mübahisələrin qarşısını almaq üçün avtomobili əvvəlcədən kompüter texnologiyaları vasitəsilə diaqnostikadan keçirməyə və onun texniki vəziyyətini ətraflı öyrənməyə üstünlük verirlər. Əks halda, avtomobil təhvil verildikdən sonra aşkarlanan qüsurlarla bağlı tərəflər arasında razılıq əldə olunmadıqda, mübahisənin həlli məhkəmə çəkişməsinin predmetinə çevrilə bilər".

FH
Fidan Hacızadə
Müxbir