Almaniyanın əmək və sosial məsələlər naziri Bərbel Bas tutduğu vəzifədən ayrılmaq qərarına gəlib. O, eyni zamanda Sosial-Demokratlar Partiyasının həmsədri postunu da tərk edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın "ntv" portalı məlumat yayıb.
58 yaşlı siyasətçi istefa qərarını ögey qızının vəfatından sonra verdiyini açıqlayıb. Bas bildirib ki, yaşadığı itki ona kədərini yaşamaq və bu vəziyyətlə barışmaq üçün vaxta ehtiyacı olduğunu göstərib.
Onun sözlərinə görə, hazırda həm partiyada, həm də hökumətdə üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirməkdə çətinlik çəkir. Bas qərarına koalisiya tərəfdaşlarının təzyiqlərinin də təsir göstərdiyini qeyd edib.
Xatırladaq ki, Bərbel Bas 2021-ci ildən 2025-ci ilin martınadək Almaniya parlamentinin sədri olub. O, ötən il Lars Klingbeillə birlikdə Sosial-Demokratlar Partiyasının həmsədri seçilib, 2025-ci ilin mayından isə əmək və sosial məsələlər naziri vəzifəsini icra edib.
Son aylarda siyasətçi sosial islahatların həyata keçirilmə tempi ilə bağlı tənqidlərə məruz qalıb və onun istefasını tələb edən çağırışlar səsləndirilib.
Qeyd edək ki, Basın ögey qızı sentyabrın sonunda 53 yaşında vəfat edib. O, siyasətçinin həyat yoldaşı Ziqfrid Ambroziusun qızı olub. Ambrozius 2020-ci ildə 79 yaşında dünyasını dəyişib. Bərbel Basın başqa övladı yoxdur.


