Rusiyanın Moskva şəhərində 68 yaşlı qadın sosial şəbəkədə süni intellektin hazırladığı müalicə reseptinə əməl etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, qadın bağırsaqları təmizləmək məqsədilə limon və qara istiotdan hazırlanmış dəmləməni içib. Gecə saatlarında onun təzyiqi düşüb, şiddətli qarın ağrısı və nəfəs darlığı yaranıb. Daha sonra qanlı qusma başlayıb.
Məlumata görə, qadın sosial şəbəkədə özünü təbib kimi təqdim edən hesabın arxasında süni intellektin dayandığını bilməyib. Yaxınları onu təcili olaraq xəstəxanaya çatdırıblar.
Qastroenteroloq Anastasiya Solovyova bu cür üsullarla ev şəraitində bağırsaqları təmizləməyə çalışmağın təhlükəli olduğunu bildirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellekt yanlış tibbi məlumat verə, simptomları düzgün qiymətləndirməyə və dərmanların istifadəsi ilə bağlı səhv məsləhətlərə yol verə bilər. Bu isə insanların həkimə müraciəti gecikdirməsinə və sağlamlıqlarının təhlükə altına düşməsinə səbəb ola bilər.
Ekspertlərin fikrincə, süni intellekt tibbi məlumatları anlamağa və həkimə veriləcək sualları hazırlamağa kömək etsə də, müayinəni, diaqnozu və peşəkar tibbi məsləhəti əvəz edə bilməz.
Mütəxəssislər sağlamlıqla bağlı problemlər yarandıqda sosial şəbəkələrdəki məsləhətlərə əsaslanaraq özbaşına müalicəyə başlamamağı, həkimə müraciət etməyi tövsiyə edirlər.
Jalə


