Cəmiyyət

Məhsul sındı, mağaza pul istəyir: Qanun nə deyir?

Məhsul sındı, mağaza pul istəyir: Qanun nə deyir?

Mağazada məhsulun müştərinin ehtiyatsızlığı nəticəsində təsadüfən sınması və ya yararsız hala düşməsi zamanı zərərin kimin tərəfindən ödənilməli olduğu tez-tez mübahisə yaradır. Bəzi mağazalarda isə belə hallarda müştəridən dərhal məhsulun pulunu ödəməsi tələb olunur.

Bəs müştəri mağazada məhsulu təsadüfən sındırdıqda onun pulunu ödəməyə məcburdurmu? Hansı hallarda məsuliyyət müştərinin üzərinə düşür?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda mağazada məhsulun müştəri tərəfindən təsadüfən sındırılması onun hər bir halda məhsulun dəyərini ödəməli olması demək deyil.

Onun sözlərinə görə, hüquqi baxımdan əsas məsələ zərərin hansı şəraitdə baş verməsi, müştərinin təqsirinin olub-olmaması və mağazanın öz üzərinə düşən təhlükəsizlik öhdəliklərini yerinə yetirib-yetirməməsidir:

"Müştəridən yalnız hadisənin baş verməsinə əsaslanaraq dərhal ödəniş tələb edilməsi özlüyündə kifayət qədər hüquqi əsas sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, əmlaka vurulmuş zərər qanunla müəyyən edilmiş şərtlər daxilində onu vuran şəxs tərəfindən ödənilməlidir. Beləliklə, müştəri məhsulla ehtiyatsız davranaraq onu sındırıbsa və bu hərəkəti ilə zərər arasında səbəbli əlaqə mövcuddursa, dəymiş real zərərin əvəzini ödəmək öhdəliyi yarana bilər.

Lakin məhsulun rəflərdə təhlükəli şəkildə yerləşdirilməsi, keçidlərin dar olması və ya mağazanın digər səhlənkarlıqları hadisəyə səbəb olubsa, məsuliyyətin müəyyən edilməsində mağazanın təqsiri də nəzərə alınmalıdır.

Nəticə etibarilə, məhsulun təsadüfən sınması müştərinin avtomatik olaraq onun satış qiymətini ödəməli olması demək deyil. Mağaza zərərin yaranmasını, müştərinin məsuliyyətini və tələb edilən məbləğin əsaslılığını sübut etməlidir. Zərərin məbləği də avtomatik olaraq məhsulun tam satış qiymətinə bərabər tutulmamalı, faktiki zərər əsasında müəyyən edilməlidir. Mübahisə yarandıqda müştəri dərhal ödəniş etməyə məcbur edilmək əvəzinə hadisənin hallarının araşdırılmasını və zərərin hüquqi əsasının göstərilməsini tələb edə bilər".

Nuray Paşşanlı

R
Redaktor