İctimai yerlərdə insanların çətin vəziyyətə düşən şəxslərə kömək etmək əvəzinə həmin anları telefonla çəkərək sosial şəbəkələrdə paylaşması son dövrlər tez-tez müzakirə olunur. Bəzən isə insanlar hadisəyə müdaxilə etməkdən və bununla bağlı məsuliyyət daşımaqdan çəkinirlər.
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, insanların ictimai yerlərdə çətin vəziyyətlə üzləşən şəxslərə kömək etməyə çalışması, ümumiyyətlə, onların fərdi seçimləri ilə bağlıdır.
Onun sözlərinə görə, hər bir insan imkan daxilində çətin vəziyyətdə olan digər şəxslərə kömək göstərməlidir:
"Əgər kömək etmək insanın özünü də problemli və ya qeyri-müəyyən vəziyyətə salırsa, yaxud vəziyyəti daha da çətinləşdirə biləcək risklər yaradırsa, bu zaman yaranan tərəddüdləri başa düşmək olar. Bununla belə, insanlar kömək etmək əvəzinə telefonla çəkiliş aparır və baş verənləri müzakirə obyektinə çevirirlərsə, ictimai qınağa məruz qalmaları anlaşılandır. Belə halların sosial şəbəkələrdə müzakirə olunması və qınanması təbii, başadüşülən prosesdir. Bu qınaq əslində yerində və haqlıdır.
Digər tərəfdən, hadisəyə müdaxilə etmək əvəzinə çəkiliş aparmaq da etik baxımdan doğru deyil. Yaxşı olar ki, belə hallarda çəkilişdən daha çox köməyə ehtiyacı olan şəxslərə lazımi dəstəyin göstərilməsinə diqqət yetirilsin. Bu, həm də sosial tərbiyə və sosial müdaxilə məsələsidir. İnsanlar belə hallarda nə edəcəklərini çox vaxt müəyyənləşdirə bilmədikləri üçün fərqli davranışlar sərgiləyirlər. Hər bir halda, real həyatda kömək etmək daha vacibdir.
Bəzən çəkiliş aparan şəxslər hadisəni kənardan müşahidə edən və ya onu izləmək imkanı olan insanlardır. Onları da birmənalı şəkildə qınamaq doğru deyil. Məsələn, hər hansı müdaxiləyə ehtiyac yarananda hadisəyə yaxın olmaya bilərsiniz, amma məsafədən çəkiliş aparmaq imkanınız ola bilər. Kimisə köməyə çağırana qədər vaxt keçir və bu müddətdə başqa şəxslər hadisə yerinə yaxınlaşırlar. Belə vəziyyətlərdə hamını eyni cür qiymətləndirmək, kömək edənlə etməyəni fərqləndirərək birini qınamaq, digərinə isə minnətdarlıq bildirmək məsələsi mübahisəlidir.
Hesab edirəm ki, kömək etmək imkanı olan hər bir insan buna çalışmalıdır və bu, onun mənəvi borcudur. Amma kömək edə bilməyən və ya vəziyyətdən sui-istifadə edən şəxslər də var. Belə insanların sayı az olsa da, mövcuddurlar. Ayrı-ayrı hadisələri çəkərək paylaşmaq bir tendensiya kimi geniş yayılıb və bu, ictimai rəğbət qazanan davranış deyil.
Burada məsuliyyət məsələsi də önəmlidir. Kömək etmədən, köməyə ehtiyacı olan şəxsin çətin vəziyyətini çəkib paylaşmaqla diqqət cəlb etdiyini düşünən insanlar var. Halbuki bu, çətin vəziyyətdə olan insanın çıxılmaz durumundan sui-istifadə etmək və öz maraqları naminə həmin vəziyyətdən yararlanmaq deməkdir.
İstənilən halda, cəmiyyətdə empatiya hissinin zəifləməsindən danışmaq olmaz. Empatiya hissi kifayət qədər güclü olaraq qalır. Ancaq cəmiyyətdə sosial məsuliyyətin zəifləməsi diqqət çəkir. Düşünürəm ki, bunun əsas səbəblərindən biri sosial qarşılıqlı məsuliyyətin fərdi nümunələrinin müəyyən qədər zəifləməsidir. Fərdi davranışlar çəkiliş aparmağa yönəlibsə, insanlar kömək etməkdənsə, çəkiliş aparmağı hədəf kimi görürlər. Bu halda sosial dəstək, insanların bir-birinə sahib çıxması və çətin vəziyyətə düşənlərə yardım etməsi arxa plana keçir".
Naib Niftəliyev əlavə edib ki, sosial həmrəylik modelinin zəifləməsindən danışmaq mümkündür:
"Bu istiqamətdə müəyyən geriləmə var. Amma sosial həmrəyliyin zəifləməsi insanların empatiya hissinin zəifləməsi demək deyil. Fərdi səviyyədə empatiya hissi güclüdür, lakin kollektiv münasibətlərdə həmrəylik nümayiş etdirmək, insanı çətin vəziyyətdən çıxarmaq üçün səy göstərmək və öz imkanlarından istifadə edərək ona yardım etmək məsələləri cəmiyyətdə bir qədər arxa plana keçib. Bu da müəyyən mənada sosial geriləmənin, bəzi hallarda yanlış təbliğatın, piarlaşmanın və sosial şəbəkələrin yaratdığı mənfi fəsadlar sırasındadır".


