Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Həmişə bizimləsiniz!" videoçarxının nümayişi nümayişi ilə başlayıb.
Açılış nitqi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
Tədbir "Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət", "Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər" mövzularında panel sessiyalarla işini davam etdirir.
Konfrans çərçivəsində gənclərin mənəvi dünyagörüşünün zənginləşdirilməsi, onların vətənpərvərlik ruhunda formalaşması, ailə və cəmiyyətin bu prosesdə rolu, müasir informasiya mühitinin dəyərlər sisteminə təsiri, habelə gənc nəslin zərərli ideoloji təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilir.


