Cəmiyyət

Gəncləri yad təsirlərdən necə qorumalı? — Deputat açıqladı

Gəncləri yad təsirlərdən necə qorumalı? — Deputat açıqladı

"Bu gün gənclərin kənar və yad ideoloji təsirlərdən qorunması məsələsi əvvəlki dövrlərdən fərqli olaraq daha çox rəqəmsal müstəvidə aktuallaşıb. Sosial şəbəkələr informasiya əldə etmək üçün geniş imkanlar yaratmaqla yanaşı, müxtəlif ideoloji, siyasi və sosial təsirlərin də sürətlə yayılmasına şərait yaradır. Ona görə də burada əsas məsələ gəncləri informasiyadan təcrid etmək deyil, onların informasiyanı düzgün qiymətləndirə, saxta və manipulyativ məzmunu həqiqi məlumatdan ayıra bilməsinə nail olmaqdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə söyləyib.

Gəncləri yad təsirlərdən necə qorumalı? — Deputat açıqladı

Deputat qeyd edib ki, Azərbaycan qanunvericiliyində də media savadlılığı, gənclərin zərərli informasiyalardan qorunması və onların dövlətçilik prinsiplərinə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşdırılması ilə bağlı müddəalar mövcuddur:

"Bu istiqamətdə ən vacib addımlardan biri gənclər arasında media və rəqəmsal savadlılığın sistemli şəkildə artırılmasıdır. Məktəbdən başlayaraq ali təhsil müəssisələrinə qədər gənclərə informasiya təhlükəsizliyi, kibermühitdə davranış, dezinformasiyanın müəyyənləşdirilməsi və tənqidi düşüncə bacarıqları aşılanmalıdır. Eyni zamanda dövlətçilik tariximiz, Azərbaycanın müstəqillik yolu, milli maraqlarımız və cəmiyyətimizin dəyərləri gənclərə müasir və onların maraq dairəsinə uyğun formada çatdırılmalıdır. 2026-cı ildə rəqəmsal mühitdə uşaqların qorunması ilə bağlı qəbul edilən tədbirlərdə də rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranışın təhsil proqramlarına daxil edilməsi nəzərdə tutulub".

Arzuxan Əlizadə vurğulayıb ki, ideoloji sahədə əsas boşluqlardan biri isə gənclərlə kommunikasiya üsullarının zamanın tələblərinə tam uyğunlaşdırılmamasıdır:

"Gənclərə yalnız hazır fikirləri təqdim etmək kifayət deyil, onları sual verməyə, araşdırmağa və müxtəlif informasiya mənbələrini müqayisə etməyə təşviq etmək lazımdır. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, media, vətəndaş cəmiyyəti və xüsusilə gənclər təşkilatları arasında əməkdaşlıq gücləndirilməlidir. Bizim məqsədimiz gəncləri dünyadan təcrid etmək yox, dünyaya açıq, lakin öz milli kimliyinə, dövlətçiliyinə və milli maraqlarına bağlı, informasiya qarşısında sağlam mövqe sərgiləyə bilən vətəndaş kimi yetişdirmək olmalıdır. Çünki güclü dövlətçilik təfəkkürü qadağalarla deyil, bilikli, düşünən və öz dəyərlərini dərk edən gəncliklə daha etibarlı şəkildə qorunur".

FH
Fidan Hacızadə
Müxbir