Azərbaycan elektrik enerjisinin ixracını artıraraq regionda və Avropa bazarında əsas elektrik enerjisi təchizatçılarından birinə çevrilməyi hədəfləyir.
Bəs Azərbaycanın mövcud enerji infrastrukturu hansı ölkələrə elektrik enerjisi satmağa imkan verir və gələcəkdə ixrac coğrafiyasının genişləndirilməsi üçün hansı texniki imkanlar mövcuddur?
Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Avropanın enerji bazarına çıxışını genişləndirmək məqsədilə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir.

Onun sözlərinə görə, ölkə bu məqsədlə 2022-ci ildə Qara dənizin dibi ilə Avropaya çəkilməsi nəzərdə tutulan yüksək gərginlikli elektrik kabeli layihəsinə qoşulmaq niyyətini ortaya qoyub:
"Layihə çərçivəsində Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin Gürcüstan üzərindən Qara dənizdən keçməklə Rumıniya və daha sonra Avropanın digər ölkələrinin bazarlarına çatdırılması nəzərdə tutulur. Azərbaycan Energetika Nazirliyinin açıqlamasına görə, sözügedən marşrut üzrə elektrik enerjisinin Avropaya ixracına 2032-ci ildən başlanması gözlənilir. İlkin mərhələdə ixrac imkanlarının formalaşdırılması, daha sonra isə ötürülən elektrik enerjisinin həcminin mərhələli şəkildə artırılması planlaşdırılır. Mövcud planlara əsasən, 2040-cı ilədək üç mərhələdə ixrac gücünün 3 900 MVt-a çatdırılması nəzərdə tutulur.
Bu layihə Azərbaycanın bərpa olunan enerji potensialının Avropa bazarına çıxarılması baxımından da əhəmiyyət daşıyır. Xüsusilə Xəzər dənizində və digər ərazilərdə formalaşdırılması planlaşdırılan külək və günəş enerjisi layihələrindən əldə ediləcək elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir.
Azərbaycanın Avropa istiqamətində elektrik enerjisi ixracı yalnız sualtı kabel layihəsi ilə məhdudlaşmır. Ötən ildən etibarən quru marşrutu ilə Bolqarıstana elektrik enerjisinin ixracı ilə bağlı da razılaşma əldə olunub. Bu istiqamətdə elektrik enerjisinin Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan bazarına çatdırılması nəzərdə tutulur.
Beləliklə, Azərbaycanın qarşıdakı illərdə həm Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabel, həm də mövcud regional elektrik şəbəkələri vasitəsilə Avropa enerji bazarına çıxışını genişləndirməsi gözlənilir".


