Mənzil almaq istəyənlər üçün əsas seçimlərdən biri həyət evi ilə bina evi arasında qərar verməkdir. Qiymət, yerləşmə və yaşayış şəraiti kimi amillər bu addıma doğrudan təsir edir. Yatırımın həyət evinə, yoxsa bina mənzilinə edilməsi isə alıcının məqsədindən asılıdır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti İlkin Məmmədkərimov bildirib ki, hazırda alıcının qarşısında seçim edərkən ilk növbədə məqsədini müəyyənləşdirməsi vacibdir.

Onun sözlərinə görə, əgər məqsəd yalnız yaşamaqdırsa, ailənin tələblərindən asılı olaraq həyət evi də, bina mənzili də uyğun seçim ola bilər:
"Amma söhbət pulun investisiya kimi yatırılmasından gedirsə, burada əsas meyar əmlakın likvidliyidir.
Bina mənzillərinin üstünlüyü ondan ibarətdir ki, xüsusilə nəqliyyat, infrastruktur və iş mərkəzlərinə yaxın ərazilərdə belə obyektlərə həm alıcı, həm də kirayəçi tələbi daha yüksək olur. Bu səbəbdən mənzili gələcəkdə daha rahat satmaq və ya kirayəyə vermək mümkündür. Həyət evlərində isə qiymət daha münasib ola bilər və torpaq sahəsi əlavə üstünlük yaradır. Lakin burada sənədləşmə, yerləşmə, yol və kommunal infrastruktur, evin tikintisinin keyfiyyəti kimi məsələlərə daha ciddi diqqət yetirmək lazımdır.
Həmçinin həyət evinin satışa çıxarıldıqda alıcı tapması bəzi hallarda daha uzun çəkə bilər. Ona görə də sırf investisiya və gələcəkdə satmaq baxımından mənzil, xüsusilə yaxşı lokasiyada yerləşən sənədli yeni tikili daha məqsədəuyğun seçimdir. Əgər alıcının əsas məqsədi geniş həyət, fərdi yaşayış və uzunmüddətli istifadədirsə, düzgün ərazidə seçilmiş həyət evi daha sərfəli ola bilər".


