Maraqlı

Saralmış çərçivələri belə ağartmaq olar - Sirkə və soda lazım deyil

Saralmış çərçivələri belə ağartmaq olar - Sirkə və soda lazım deyil

Yay aylarından sonra pəncərə çərçivələri günəşin təsiri, toz və digər çirklənmələr səbəbindən sarala və əvvəlki ağ görünüşünü itirə bilər. Xüsusilə plastik çərçivələrdə yaranan bu görüntünü aradan qaldırmaq üçün müxtəlif məişət üsullarından istifadə olunur. Lakin sirkə və soda hər zaman gözlənilən nəticəni verməyə bilər.

Demokrat.az xəbər verir ki, Deccoria.pl nəşri saralmış plastik pəncərə çərçivələrinin təmizlənməsi üçün natrium perkarbonatdan istifadə etməyi tövsiyə edib.

Məqalədə qeyd olunur ki, plastik uzunömürlü material olsa da, yanlış təmizləmə üsulları onun səthinə ciddi zərər vura bilər. Məsələn, aseton, ammonyak və benzin kimi aqressiv həlledicilər plastik səthi matlaşdıra və rənginin dəyişməsinə səbəb ola bilər.

Digər geniş yayılmış səhvlərdən biri çərçivələri sərt süngər və ya metal məftillə güclü şəkildə sürtməkdir. Bu zaman səthdə xırda cızıqlar əmələ gəlir və həmin cızıqlarda çirk daha asan toplanır. Buna görə də yumşaq parça və fırçalardan istifadə etmək məsləhətdir.

Təmizləməyə başlamazdan əvvəl çərçivənin üzərindəki toz və bərk çirk hissəcikləri də aradan qaldırılmalıdır. Əks halda, sonrakı silmə zamanı həmin hissəciklər plastik səthi cıza bilər. Eyni zamanda istifadə olunan kimyəvi və ya məişət vasitələrinin çərçivədə uzun müddət qalmasına icazə verilməməlidir. Təmizləmədən sonra səth mütləq su ilə yaxşıca silinməlidir.

Saralmış çərçivələri nə ilə təmizləmək olar?

Məqalədə sirkə və sodaya alternativ kimi natrium perkarbonat göstərilir. Bu maddə güclü ağardıcı xüsusiyyətə malikdir və gündəlik həyatda əsasən ağ paltarların yuyulması zamanı istifadə olunur.

Müəllifin sözlərinə görə, sirkə və soda ilə aparılan təcrübələr gözlənilən nəticəni verməyib. Natrium perkarbonatın isə plastik çərçivələrin ağardılmasında daha yaxşı effekt göstərdiyi bildirilir.

Maddə məişət kimyası mağazalarında, bəzi apteklərdə və internet üzərindən satılır. Adətən qranul formasında olur və istifadə edilməzdən əvvəl suda həll edilir.

Təmizləmə qaydası

İlk olaraq pəncərə çərçivələri yumşaq fırça ilə tozdan və səthi çirkdən təmizlənməlidir.

Daha sonra iki ayrı qaba bir litr ilıq su tökülür. Qablardan birinə iki xörək qaşığı natrium perkarbonat əlavə edilir və qranullar tam həll olunana qədər qarışdırılır. Digər qabdakı suya isə 2-3 damcı qab yuyan maye əlavə edilir.

Əlcək geyindikdən sonra təmiz mikrofiber parça perkarbonat məhluluna batırılır. Parçanın artıq suyu sıxıldıqdan sonra çərçivələr, xüsusilə künclər və yarıqlar diqqətlə silinir. Bununla belə, pəncərənin rezin sıxlıqlarına toxunmamaq tövsiyə olunur.

Məhlulun səthdə təxminən 5 dəqiqə qalmasına imkan verilir. Ardınca çərçivələr ikinci qabda hazırlanmış, qab yuyan maye əlavə edilmiş su ilə nəmləndirilən mikrofiber parça ilə yenidən silinir. Bu mərhələnin məqsədi ağardıcı vasitənin qalıqlarını səthdən tamamilə təmizləməkdir.

Son olaraq çərçivələr yumşaq, quru parça ilə qurulanmalıdır.

Məqalədə bildirilib ki, natrium perkarbonatdan ildə bir dəfə istifadə etmək kifayət edə bilər. Sonrakı pəncərə təmizliyində isə çərçivələri sadəcə ilıq su və az miqdarda yuyucu vasitə ilə silmək, beləliklə ağ görünüşü qorumaq mümkündür.

Jalə