Gözəllik sahəsində yüksək qazanc imkanları son illər bu sektora marağı artırıb. Rusiyada aparılan son araşdırmaya görə, bərbər və kosmetoloqlar ayda orta hesabla 2000–2200 manat gəlirlə sektorun ən çox qazanan nümayəndələri arasında yer alıblar. Azərbaycanda da bu sahədə çalışanların kifayət qədər yüksək gəlir əldə etdiyi müşahidə olunur.
Gözəllik sektorunda yüksək qazanc imkanları gənclərin peşə seçiminə necə təsir edir? Qısa müddətdə gəlir əldə etmək imkanı ali təhsilə marağın azalmasına səbəb ola bilərmi?
Demokrat.az-a açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, bu tendensiya dünyanın bir çox ölkəsində müşahidə olunur:

"Ölkəmizdə də bərbərlərin, xüsusilə kosmetoloqların gəlirlərinin yüksək olduğu müşahidə edilir. Kosmetoloqlar təxminən 15 il əvvəl cəmiyyətimizdə daha az rast gəlinən mütəxəssislər idi. Bərbərlər isə hər zaman fəaliyyət göstəriblər. Bu gün həm bərbərlərin, həm də kosmetoloqların sayı əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəblərindən biri insanların daha çox gəlir gətirən peşələrə yönəlməsidir. Eyni zamanda, həm qadınların, həm də kişilərin şəxsi qulluğa və xarici görünüşlərinə daha çox diqqət ayırması bu sahəyə tələbatı artırır. Xüsusilə kosmetologiya sahəsində artım diqqətçəkəndir. Kosmetoloqların sayı hər gün yağışdan sonra çıxan göbələklər kimi artır. Təəssüf ki, onların arasında kosmetologiyanın mahiyyətini, bu peşə üçün hansı bilik və bacarıqların tələb olunduğunu bilməyən şəxslər də var. Bəziləri iki-üç kurs keçib sertifikat almaqla peşəyə yiyələndiklərini düşünürlər. Son dövrlərdə bu cür şəxslərin fəaliyyətinin fəsadları ilə bağlı hallara tez-tez rast gəlirik. Sosial şəbəkələrdə insanlar kosmetoloji müdaxilələrdən sonra üz, dodaq və digər nahiyələrində ciddi problemlər yarandığını bildirirlər. Təbii ki, ölkədə peşəkar və savadlı kosmetoloqlar da fəaliyyət göstərir. Lakin bu sahəyə nəzarətsiz marağın artması müəyyən risklər yaradır. Gənc düşünə bilər ki, ali təhsil almaq üçün 4-5 il vaxt sərf etməli, hətta diplom əldə etdikdən sonra belə iş tapmaqda çətinlik çəkməlidir. Digər tərəfdən, bir neçə aylıq kurs keçərək kosmetoloq kimi fəaliyyətə başlayıb gəlir əldə etmək mümkündürsə, bu, təbii olaraq daha çox insanı həmin sahəyə cəlb edir. Bərbərlikdə də oxşar vəziyyət müşahidə olunur. Bu gün demək olar ki, hər addımda bərbərxanaya rast gəlmək mümkündür. İnsanlar tələbatı və gəlir imkanlarını gördükcə bu peşələrə yönəlirlər".
Sosioloqun sözlərinə görə, bərbərlik və kosmetologiya sahəsində çalışanların əksəriyyətinin ali və ya orta ixtisas təhsili yoxdur:
"Bərbərlər arasında ali və ya orta ixtisas təhsili olan şəxslərə nisbətən az rast gəlinir. Kosmetologiya sahəsində isə vəziyyət bir qədər fərqlidir. Burada başqa ixtisas üzrə həkimlərin də fəaliyyət göstərdiyini görürük. Məsələn, ginekoloq, stomatoloq və digər ixtisas sahibləri sonradan müxtəlif ixtisasartırma kurslarına qatılaraq kosmetologiyaya yönəlirlər. Lakin təəssüf ki, bu sahədə heç bir ali və ya orta ixtisas təhsili olmayan, yalnız kurs keçərək sertifikat alan şəxslər də çoxdur. Belə insanlar kifayət qədər bilik və təcrübəyə malik olmadıqları halda fəaliyyət göstərərək insanlara fayda vermək əvəzinə zərər vura bilərlər. Bununla belə, bu vəziyyətin gəncləri kütləvi şəkildə yalnız kosmetologiya və ya bərbərliyə yönəltdiyini demək düzgün olmazdı. Dövlət İmtahan Mərkəzinin statistikası göstərir ki, ali təhsil almaq istəyən gənclərin sayı artır və onlar təhsillərini ali məktəblərdə davam etdirməyə çalışırlar. Digər tərəfdən, kosmetologiya və bərbərlik də müəyyən insanlar üçün daha asan və sürətli qazanc yolu kimi görünür. Orta məktəbdə yaxşı nəticə göstərməyən və ali təhsil almağı planlaşdırmayan gənclər məktəbi bitirdikdən sonra bir neçə kurs keçərək sertifikat almaqla bu sahələrdə işləyə biləcəklərini düşünürlər. Bu da onların peşə seçimində rol oynayır".
Mətanət Məmmədova hesab edir ki, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var:
"Cəmiyyətdə sorğular və araşdırmalar aparmalı, insanların xüsusilə kosmetoloqlara münasibətini öyrənməli və nəticələr əsasında maarifləndirmə kampaniyaları həyata keçirməliyik. İnsanlar kosmetoloji xidmətlərdən istifadə edərkən mütəxəssisin təhsilinə, peşəkarlığına və təcrübəsinə diqqət yetirməlidirlər. İstənilən sahədə uğurlu olmaq üçün həmin peşəni dərindən bilmək və daim inkişaf etmək lazımdır. Kosmetoloqun və ya bərbərin nə qədər gəlir əldə etməsi onun fəaliyyətinin faydalılığını müəyyənləşdirən əsas göstərici deyil. İnsan çox işləyərək yüksək qazanc əldə edə bilər. Lakin əsas sual onun gördüyü işin insanlara nə dərəcədə fayda verməsidir. Xüsusilə kosmetologiya sahəsində peşəkarlığın təmin olunması və insanların sağlamlığına zərər vurulmasının qarşısının alınması vacibdir. Bunun üçün bu sahədə çalışan şəxslərin bilik və bacarıqları ilə bağlı tələblər daha ciddi şəkildə nəzərə alınmalıdır. Kosmetoloqların sayının sürətlə artması müəyyən mənada gənclərə də təsir göstərir. Çünki onlar qısa müddətdə peşə əldə edərək gəlir qazanmağın mümkün olduğunu görür və asan, sürətli qazanc əldə etmək istəyirlər".


