İki trend artıq sadəcə dəb istiqaməti olmaqdan çıxıb və böyük ehtimalla qarşıdakı illərdə toyların formatını müəyyənləşdirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "Vozdukh Weddings" toy agentliyinin rəhbəri Valeriya Rınenkova danışıb.
Ekspertin sözlərinə görə, ilk trend toyun həm cütlük, həm də qonaqlar üçün unudulmaz təəssürata çevrilməsidir. Hazırda cütlüklər toyu banket, aparıcı, fotosessiya və tort kimi məcburi elementlər toplusu kimi deyil, qonaqlarla birlikdə yaşadıqları vahid bir təcrübə kimi qəbul edirlər:
"Artıq ayrı-ayrı detalların nə qədər möhtəşəm görünməsindən daha çox qonaqların nə edəcəyi, nə hiss edəcəyi və tədbirdən sonra nəyi xatırlayacağı önəm daşıyır".
Bu yanaşma toyların formatında da özünü göstərir. Cütlüklər masa arxasında oturmaqdansa, ünsiyyətə və müxtəlif fəaliyyətlərə daha çox vaxt ayırmaq istəyirlər. Buna görə interaktiv zonalar, birgə əyləncələr, daha sərbəst proqramlar və klassik banket əvəzinə əyləncə gecələri meydana çıxır:
"Toy getdikcə sadəcə mərasim və bir neçə saatlıq ənənəvi süfrə deyil, bir-iki gün davam edən tammiqyaslı tədbirə çevrilir".
İkinci dayanıqlı trend isə fərdiləşdirmədir. Cütlüklər getdikcə daha az "şəkildəki kimi" toy istəyir və öz hekayələrinə uyğun tədbir keçirməyə üstünlük verirlər. Bu, məkan və musiqi proqramının seçimindən tutmuş gecənin ssenarisinə, menyuya və aparıcının fəaliyyətinə qədər hər şeydə özünü göstərir.
"Əgər cütlük çox səyahət edirsə, bu, sadəcə dekorasiyada deyil, gecənin konsepsiyasının özündə də əks oluna bilər. Əgər musiqi onlar üçün önəmlidirsə, bütün proqramın əsası musiqi ola bilər", deyə Rınenkova bildirib.
Bununla yanaşı, cütlüklərin mövsümdən mövsümə dəyişməyən tələbləri də var. Bunların arasında gözəl təbiətə malik – su hövzələrinin kənarında, meşədə və ya şəhərdən kənarda yerləşən məkanlar xüsusi yer tutur.
"Bəzi rənglər və dekorasiya formatları hər mövsüm dəyişə bilər. Lakin toyu "özlərinə aid" etmək və həmin günü birlikdə unudulmaz təəssüratlar yaşamaq naminə keçirmək istəyi, böyük ehtimalla, heç vaxt yox olmayacaq", deyə ekspert yekunlaşdırıb.
Jalə


