Özəl

"Bir az da sürüm, sonra ustaya göstərərəm" — Maşınları tez sıradan çıxaran amillər

Bir az da sürüm, sonra ustaya göstərərəm — Maşınları tez sıradan çıxaran amillər

Avtomobildə yaranan bəzi texniki nasazlıqlar ilkin mərhələdə sürücü tərəfindən hiss olunmaya bilər. Lakin səs, qoxu, vibrasiya və idarəetmədə yaranan kiçik dəyişikliklər avtomobildə daha ciddi problemin xəbərçisi ola bilər.

Bəs hansı gizli və ya ilkin əlamətlər avtomobilin qəza riski yaratdığını göstərə bilər və sürücülər bu təhlükəni vaxtında necə müəyyən edə bilərlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında beynəlxalq dərəcəli təlimçi və avtoekspert Adil Nəbiyev bildirib ki, sürücülər bilməlidirlər ki, avtomobildə qəza riski yaradan texniki nasazlıqların hamısı qəfil meydana çıxmır.

Bir az da sürüm, sonra ustaya göstərərəm — Maşınları tez sıradan çıxaran amillər

Onun sözlərinə görə, əksər hallarda avtomobil əvvəlcədən müəyyən siqnallar verir, sadəcə bu əlamətlər vaxtında düzgün qiymətləndirilmir:

"Ən təhlükəli məqamlardan biri sükan sistemində yaranan dəyişikliklərdir. Sükanın əvvəlkindən ağır və ya həddindən artıq yüngül olması, avtomobilin düz yolda bir tərəfə çəkməsi, sükan çarxında titrəmə, döngələrdə və ya nahamar yolda qeyri-adi döyüntü səslərinin eşidilməsi sükan mexanizmi, asqı sistemi, təkərlər və ya təkər bucaqları ilə bağlı problemin ilkin əlaməti ola bilər. Əyləc sistemi isə təhlükəsizlik baxımından xüsusi diqqət tələb edir. Əyləc pedalının əvvəlkindən daha yumşaq olması, pedalın həddindən artıq aşağı düşməsi, əyləc zamanı avtomobilin sağa və ya sola dartması, sükan və ya kuzada titrəmənin yaranması, metal sürtünmə səsinin eşidilməsi, əyləc məsafəsinin uzanması ciddi xəbərdarlıqdır. Belə vəziyyətdə avtomobili istifadə etməyə davam etmək əyləc sisteminin tam sıradan çıxması ilə nəticələnə bilər. Sürücülərin çox vaxt diqqətdən qaçırdığı digər təhlükə təkərlərlə bağlıdır. Təkərin protektorunun qeyri-bərabər yeyilməsi, yan hissədə çat, kəsik və ya şişkinliyin yaranması, hava təzyiqinin mütəmadi azalması, müəyyən sürətdən sonra avtomobildə vibrasiya hiss edilməsi təkərin hərəkət zamanı partlaması və sürücünün idarəetməni itirməsi riskini artırır".

Adil Nəbiyev əlavə edib ki, xüsusilə yüksək sürətlə hərəkət etməzdən əvvəl təkərlərin vəziyyəti və təzyiqi mütləq yoxlanmalıdır:

"Avtomobilin altından yağ, antifriz, əyləc mayesi və ya digər texniki mayelərin sızması da adi hal kimi qəbul edilməməlidir. Mühərrik temperaturunun normadan yuxarı qalxması, temperatur göstəricisinin tez-tez dəyişməsi, kapotun altından buxar və ya yanıq qoxusunun gəlməsi soyutma və ya mühərrik sistemində nasazlığın göstəricisi ola bilər. Elektrik sistemində də gizli təhlükələr mümkündür. Faraların zəifləməsi, avtomobilin gec işə düşməsi, paneldə xəbərdarlıq işıqlarının yanıb-sönməsi, elektrik avadanlıqlarının qeyri-sabit işləməsi akkumulyator, generator, naqillər və digər elektrik elementlərində problemin əlaməti ola bilər. Xüsusilə paneldə əyləc sistemi, ABS, sükan sistemi, mühərrik, yağ təzyiqi və temperaturla bağlı xəbərdarlıq işıqlarını görüb yoluna davam etmək düzgün yanaşma deyil. Avtomobildən gələn yeni və əvvəllər olmayan səslər də mühüm diaqnostik əlamətdir. Təkər tərəfdən uğultu, asqıdan döyüntü, mühərrikdən metal səsi, dönərkən xışıltı və ya şaqqıltı, sürət yığarkən yaranan qeyri-adi vibrasiya müxtəlif mexanizmlərdə nasazlığın başlanğıcını göstərə bilər.

Burada əsas prinsip budur ki, sürücü öz avtomobilinin normal davranışını tanımalıdır; səsdə, qoxuda, sükanın reaksiyasında, əyləcdə, vibrasiyada və göstəricilərdə əvvəlkindən fərqli hər hansı dəyişiklik texniki yoxlama üçün səbəb sayılmalıdır. Səhər avtomobilə əyləşib dərhal hərəkətə başlamaq əvəzinə cəmi bir neçə dəqiqəlik vizual yoxlama bir çox təhlükənin qarşısını ala bilər. Avtomobilin altında maye izi varmı, təkərlər normal görünürmü, hər hansı təkərdə şişkinlik və ya ciddi hava itkisi varmı, işıq cihazları işləyirmi, mühərriki işə saldıqdan sonra xəbərdarlıq indikatorları sönürmü, bunlara diqqət yetirmək lazımdır. Bundan əlavə, avtomobil texniki baxımdan yalnız nasazlıq yarandıqda deyil, istehsalçının müəyyən etdiyi dövrlərdə profilaktik olaraq yoxlanmalıdır. Xüsusilə uzun səfərdən əvvəl əyləc sistemi, təkərlər, sükan və asqı elementləri, mühərrik yağı, soyuducu və əyləc mayesi, işıqlandırma sistemi yoxlanmalıdır.

Təcrübədə sürücülərin ən böyük səhvlərindən biri "hələ gedir", "bir az da sürüm, sonra ustaya göstərərəm" düşüncəsidir. Halbuki kiçik görünən vibrasiya, zəif döyüntü və ya bir xəbərdarlıq işığı sabah idarəetmənin itirilməsinə səbəb olan ciddi nasazlığa çevrilə bilər. Əgər hərəkət zamanı əyləc sistemi zəifləyirsə, sükan idarəetməsində ciddi dəyişiklik yaranırsa, mühərrik həddindən artıq qızırsa, yağ təzyiqi barədə xəbərdarlıq yanırsa, təkərdə təhlükəli deformasiya müşahidə olunursa və ya avtomobildən kəskin yanıq qoxusu və tüstü gəlirsə, sürücü mümkün qədər təhlükəsiz şəkildə dayanmalı və nasazlığın səbəbi müəyyən edilmədən hərəkəti davam etdirməməlidir. Texniki saz avtomobil yol təhlükəsizliyinin əsas şərtlərindən biridir və sürücü yalnız yol hərəkəti qaydalarına əməl etməklə deyil, idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etməklə də özünün, sərnişinlərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə görə məsuliyyət daşıyır".