Siyasət

İlham Əliyevdən xarici siyasət dərsi: Azərbaycan qlobal mövqeyini gücləndirir

İlham Əliyevdən xarici siyasət dərsi: Azərbaycan qlobal mövqeyini gücləndirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı beynəlxalq medianın gündəminə çevrilib. Dünya mediasının Azərbaycan liderinin çıxışına böyük diqqət yetirməsinin konkret səbəblərinin olduğunu deyə bilərik.

Birincisi, Prezidentin çıxışı lideri olduğu siyasi partiyanın fəaliyyəti ilə bağlı hesabat xarakterli deyildi. Bu, regional və qlobal siyasətdə mövcud vəziyyətin izahı, Azərbaycan mövqeyi, xarici siyasət prinsipləri və gələcəklə bağlı "yol xəritəsi" idi.

İkincisi, Prezident İlham Əliyevin verdiyi mesajlar beynəlxalq aktorlar tərəfindən diqqətə alınır, çünki Azərbaycan qlobal vizyona sahib olan ölkədir və ölkəmizin xarici siyasəti həm yerləşdiyimiz regionda, həm də Avropadan Asiyaya uzanan böyük coğrafiyada güc balansının formalaşmasında, siyasi hadisələrin inkişafının müəyyənləşməsində ciddi rola malikdir.

Bu baxımdan, Azərbaycan liderinin çıxışı qlobal müstəvidə diqqət mərkəzindədir. Müxtəlif nəşrlər Prezident İlham Əliyevin çıxışını təhlil edir və buna istinadən beynəlxalq münasibətlərdə nəticələr çıxarırlar. Bu kontekstdə "The Liberum" nəşrinin məqaləsi diqqətçəkəndir.

"Əliyev doktrinası: Azərbaycan dünyada öz yerini necə müəyyənləşdirir?" sərlövhəli məqalədə bir dövlətin müstəqillik prinsipləri ölkəmizin timsalında təqdim olunur.

Bir dövlət təhlükəsizliyi və inkişafı üçün yalnız öz resurslarına güvəndiyində, heç kimə tabe olmadan bütün güc mərkəzləri ilə əlaqə qura bildiyində və daxili işlərə müdaxiləni qəbul etmədiyində həqiqətən müstəqil olur.

Prezident İlham Əliyev çıxışında "Bizə heç kimin köməyi, heç kimin himayəsi lazım deyil" sözləri ilə bunu açıq mətnlə bəyan etdi.

Azərbaycanın keçdiyi yola nəzər yetirdikdə bunu daha aydın şəkildə görmək mümkündür. 1990-cı illərdə torpaqlarımızın işğalı və Bakıda siyasi hakimiyyət uğrunda gedən mübarizə Azərbaycanı parçalanma, yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı xilas etdi və ümummilli lider dağılmış ölkəni yenidən qurdu. Nizami ordu quruldu, daxili və xarici siyasət stabil kursa daxil edildi, Azərbaycanın beynəlxalq müstəvidə münasibətləri düzəldi. Həmin dövrlərin ağır olduğunu hər kəs yaxşı xatırlayır. Azərbaycan faktiki olaraq təklənmişdi. Dünyada yeganə ölkə idik ki, torpaqlarımız işğal edildiyi halda müxtəlif güclər bizə qarşı çıxırdı. 907-ci düzəlişin qəbul edilməsi bunu ən bariz nümunəsidir. O zaman, heç bir ölkə, hətta ən yaxın hesab etdiklərimiz belə, bizə dəstək vermədi. Yalnız ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan bu çətin vəziyyətdən çıxmağı bacardı. Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev strategiyasına əsaslanaraq, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı qlobal siyasətin mərkəzinə çevirdi. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası İlham Əliyev strategiyasının zirvəsi hesab oluna bilər. Bu gün Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkə olaraq, regionun liderinə çevrilib. Dünyanın supergücləri də daxil olmaqla bütün ölkələr Azərbaycanla münasibətlər qurmaqda maraqlıdır.

Çünki "sözümüz imzamız qədər dəyərlidir".

Prezident İlham Əliyev çıxışında bunun səbəbini açıqladı. Bəyan etdi ki, bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var.

"Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var. Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir", - dövlət başçısı vurğuladı.

Bu məqamlara diqqət çəkən "The Liberum" nəşri Azərbaycanın xarici siyasət konsepsiyasının 5 əsas prinsip üzərində qurulduğuna diqqət çəkir.

Azərbaycan təhlükəsizliyini özü formalaşdırır

Bir dövlətin təhlükəsizliyinin digər ölkələrdən asılı olması müstəqilliyin de-fakto olmaması deməkdir. Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə buna imkan verməyib. Azərbaycan hər zaman təhlükəsizliyinin təmin edilməsində özünə güvənib. İstər daxili sabitliyin təmin edilməsində, istər xarici təhlükələrə qarşı tədbirlərin görülməsində bu prinsip prioritet olub.

Azərbaycan buna öz resursları hesabına nail olub. Uzun illər ərzində hərbi arsenalın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğunun aparılması Vətən müharibəsində mütləq qələbəmizi şərtləndirdi. Bu, Azərbaycan xalqının və ordusunun, Ali Baş Komandan İlham Əliyevin qələbəsidir. Azərbaycan buna öz gücü hesabına nail olub və heç kimə borclu deyil. Hətta alınan silahların son qəpiyinə qədər pulu ödənilib.

Prezident çıxışında bu məsələyə xüsusilə toxundu. Bildirdi ki, nə almışıqsa, pulla almışıq: "O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir".

Bu, mühüm mesaj idi, çünki bir çoxları ictimai rəyi çaşdırmağa, qazanılan qələbəyə şərik olmağa cəhd edir. Prezident bu məsələyə nöqtəni qoydu.

İdeoloji təhlükəsizlik də ən vacib məsələlərdəndir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik kimi önəmlidir: "Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına".

Dövlət başçısı eyni zamanda, hərbi gücümüzün daha da artırıldığına diqqət çəkdi. Bu, gələcəkdə Azərbaycana qarşı mümkün təxribat cəhdlərinə qarşı atılan addımlar, belə planlar quranlara verilən mesajdır.

İqtisadi suverenelik

Müstəqil siyasətin təməlində məhz iqtisadi suverenlik dayanır. Azərbaycan iqtisadi resurslarını doğru istifadə etmək və inkişafa nail olmaqla bu sahədə suverenliyini təmin edə bilib. Bu, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən əsas prioritetlərindən olub. Nəticədə xarici borclarımız minimuma endirildi, Azərbaycan kredit götürən ölkədən kredit verən ölkəyə çevrildi. Valyuta ehtiyatları 90 milyard dollara çatıb. Azad olunmuş ərazilərin bərpasında heç bir xarici qüvvəyə möhtac olmamağımız da bunun ən real nümunələrindəndir.

Prezident İlham Əliyev bildirib ki, uzun illər xarici borcumuzu azalda-azalda gedirdik: "Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir. Mən də investisiya forumunda çıxış edərkən bildirdim ki, biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik. Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim".

Heç bir cəbhədə yer almamaq: bərabərhüquqlu münasibətlər

Azərbaycanın xarici siyasətinin təməlində bu amil dayanır. Azərbaycan heç bir bloka qoşulmur, böyüklüyündən, yaxud gücündən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurur və qlobal oyunçuların tərəfdaşlıq etməyə can atdığı ölkədir. Beynəlxalq münasibətlər tarixində bu cür ölkələr nadir hallarda olub. Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində, buna nail olan nadir ölkələrdəndir.

Daxili işlərə qarışmamaq prinsipi

Azərbaycanın əsas prinsiplərindən biri məhz budur. Rəsmi Bakı indiyə qədər heç bir ölkənin daxili məsələsinə müdaxilə etməyib və bizim daxili işlərimizə qarışmaq cəhdlərinə sərt münasibət bəsləyib. Bu, beynəlxalq hüququn və suverenliyin təməllərindən biridir. Hərçənd, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri hər zaman olub, bu gün də davam edir. Prezident bu məsələyə sərt şəkildə münasibət bildirdi.

"Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək", - dövlət başçısı bildirdi və müdaxilə cəhdləri edən qüvvələrə açıq mesaj verdi.

Strateji təmkin və etibarlılıq

Azərbaycan bu prinsipial siyasəti nəticəsində bu gün bütün güc mərkəzlərinin tərəfdaşlıq etmək istədiyi ölkəyə çevrilib və bütün münasibətlərini bərabərhüquqlu şəkildə qurub. Çünki Azərbaycanın siyasəti emosiyalara yox, praqmatizmə və strateji təmkinə əsaslanır və etibarlı tərəfdaşdır.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın beynəlxalq nüfuzu güclənir: "Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır".

Xarici siyasətdə strateji təmkinlilik və etibarlı tərəfdaş olmaq Azərbaycana qlobal siyasətdə güclü mövqelər qazandırıb.

"The Liberum" "Əliyev doktrinası" adlandırdığı xarici siyasət kursu bu təməllər üzərində qurulub. Azərbaycan məhz Prezident İlham Əliyevin doktrinası ilə beynəlxalq münasibətlər sistemində öz yerini alır.

Kənan

R
Redaktor