Cəmiyyət

Günay Əfəndiyeva: "Pirallahı Sənaye Parkını ziyarəti Prezidentin rayonun qarşıdakı inkişaf mərhələsinə göstərdiyi diqqəti nümayiş etdirir"

Günay Əfəndiyeva: Pirallahı Sənaye Parkını ziyarəti Prezidentin rayonun qarşıdakı inkişaf mərhələsinə göstərdiyi diqqəti nümayiş etdirir

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissələrindən biri regionlarımızın, şəhər və rayonlarımızın sosial-iqtisadi potensialının üzə çıxarılması və inkişaf etdirilməsidir".

Demokrat.az xəbər verir ki, bunu deputat Günay Əfəndiyeva 5 oktyabr tarixində Azərbaycan Prezidentinin iştirakı ilə Pirallahı Sənaye Parkında yeni dərman istehsalı müəssisəsinin açılmasının rayon üçün əhəmiyyəti barədə danışarkən deyib.

Millət vəkili bildirib ki, 5 oktyabr 2026-cı il tarixində cənab Prezidentin iştirakı ilə Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılması rayonun iqtisadi-sosial tərəqqisi üçün olduqca mühüm əhəmiyyət kəsb edir:

"Ümumilikdə, Pirallahı Sənaye Parkı Azərbaycanın vacib sənaye komplekslərindən biridir. Burada artıq müxtəlif tibbi müəssisələr, o cümlədən "Diamed" şpris və dərman istehsalı zavodları fəaliyyət göstərir. İndi isə həmin sənaye kompleksində beynəlxalq standartlara uyğun yeni müəssisə istifadəyə verildi. Bu o deməkdir ki, insanlara lazım olan bir çox dərman vasitələrini biz artıq öz ölkəmizdə hazırlamaq imkanına malikik. Bu, həm də ixtisaslı mütəxəssislərin cəlb olunmasına, yeni iş yerlərinin açılmasına da şərait yaradır. Zavodda Azərbaycan Tibb Universiteti və Qarabağ Universiteti üçün tədris bazasının təsis olunması ilə tibbi ixtisaslar üzrə təhsil alan tələbələr, gənc əczaçılar öz biliklərini təcrübə ilə möhkəmləndirə biləcəklər".

Günay Əfəndiyeva əlavə edib ki, müəssisədə istehsal olunan əczaçılıq məhsulları xarici ölkələrə də ixrac olunacaq. Yəni, ölkəmizin beynəlxalq əməkdaşlığı, xarici tərəfdaşlarla əlaqələri daha da genişlənəcək:

"Eyni zamanda, Pirallahı Sənaye Parkında bir sıra yeni müəssisələrin yaradılması nəzərdə tutulur ki, bu da rayonun iqtisadi inkişafına xidmət edəcək. Bilirsiniz ki, millət vəkili təmsil etdiyim Pirallahı rayonu 2012-ci ildə Azərbaycan Prezidentinin imzaladığı Fərmanla yaradılmışdır. Yəni, ayrıca inzibati ərazi vahidi kimi formalaşdırılması baxımından yeni bir rayondur. Əvvəllər isə Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Pirallahı Xəzərin sahilində yerləşən, dənizlə torpağın qovuşduğu bir ərazidir. Abşeron arxipelağının ən böyük adasıdır. Pirallahı adı hələ XIV əsrə aid yazılı mənbələrdə öz əksini tapmışdır. Bu toponim "pir" və "Allah" sözlərinin birləşməsindən əmələ gəlmiş, Allahın piri, Allahın müqəddəs ibadətgahı deməkdir. Pirallahı rayonu, Çilov adası və Neft Daşları ilə birlikdə Xəzərdə neft hasilatının inkişafı və fədakar neftçilərimizin zəhməti ilə sıx bağlıdır.

Yaradılmasından etibarən cənab Prezidentin müvafiq göstərişi ilə Pirallahıda yaşayış binaları, yeni mənzillər, məktəblər, uşaq bağçaları, səhiyyə və digər sosial obyektlər inşa edilmiş, təmir olunmuş, küçələr, yollar abadlaşdırılmış, parklar və istirahət məkanları salınmış, istehsal müəssisələri fəaliyyətə başlamışdır. Seçicilərlə mütəmadi görüşlərimizdə, söhbətlərimizdə onlar hər zaman dövlət başçısına rayonun abadlığına, firəvanlığa görə öz minnətdarlıqlarını ifadə edirlər. Eyni zamanda Pirallahı sakinləri Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın millət vəkilliyi dövründəki geniş fəaliyyətini, xeyirxahlığını, insanlara qayğısını məmnunluq hissi ilə xatırlayırlar. Düşünürəm ki, Cənab Prezidentin Pirallahı Sənaye Parkını ziyarəti həm də dövlət başçısının rayonun qarşıdakı inkişaf mərhələsinə göstərdiyi diqqəti də nümayiş etdirir. aBir vaxtlar Pirallahı daha çox "uzaq ada" təsəvvürü yaradırdısa, bu gün Pirallahı Bakının çiçəklənən, yüksələn, yeni investisiyalar cəlb edən rayonlarından birinə çevrilir".