Yastıq üzlərini mütəmadi dəyişsək də, zaman keçdikcə yastıqların üzərində sarı ləkələrin yarandığını görə bilərik. Mütəxəssislər bunun əsas səbəblərini açıqlayıb və ləkələrin qarşısını almağın yollarını göstərib.
Demokrat.az xəbər verir ki, mütəxəssis Brayan Ginberqin sözlərinə görə, yastıqlar hər gecə tər, dəri yağı, saçdakı yağlar, dəri və saç baxımı üçün istifadə olunan vasitələr, eləcə də nəmliyi özünə çəkir. Yastıq üzü müəyyən qədər qoruyucu rol oynasa da, bu maddələrin bir hissəsi parçadan keçərək yastığın daxilində toplanır.
Digər ekspert Loqan Teylor isə yastıqdakı saralmanın yaranmasında nəmin də mühüm rol oynadığını bildirir. Onun sözlərinə görə, tüpürcək və digər nəmlik hava ilə təmasda oksidləşir və zaman keçdikcə parçanın saralmasına səbəb olur. Buna görə də ləkələr adətən birdən-birə deyil, uzun müddət ərzində yaranır.
Mütəxəssislər yastıqların da mütəmadi yuyulmasını tövsiyə edir. Bununla belə, əvvəlcə məhsulun üzərindəki etiketi yoxlamaq və istehsalçının yuma qaydalarına əməl etmək lazımdır. Yuyulduqdan sonra isə yastıq tamamilə qurudulmalıdır.
Əgər yuyulmasına baxmayaraq ləkələr və xoşagəlməz qoxu qalırsa, yastığın dəyişdirilməsi lazım gələ bilər.
Sarı ləkələrin qarşısını necə almaq olar?
Mütəxəssislər yastığın daha uzun müddət təmiz qalması üçün bir neçə sadə qaydaya əməl etməyi məsləhət görür.
Saçınızı qurudaraq yatın. Yaş saçla yatağa uzanmaq yastığa əlavə nəm keçməsinə səbəb olur. Bu isə mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yarada bilər.
Baxım vasitələrinin qurumasını gözləyin. Yatmazdan əvvəl makiyajı təmizləmək və dəriyə qulluq vasitələrini çəkdikdən dərhal sonra yatağa uzanmamaq məsləhətdir. Bu məhsulların tərkibindəki nəmlik yastığa keçə bilər.
Yastıq üçün qoruyucu üzlükdən istifadə edin. Yastıq üzü ilə yanaşı, xüsusi qoruyucu çexol istifadə etmək əlavə baryer yaradır. Bu, nəmin və digər maddələrin yastığın özünə keçməsini azalda bilər. Bundan əlavə, qoruyucu üzlüyü yumaq yastığın özünü təmizləməkdən daha asandır.
Yuxu vəziyyətinizi dəyişin. Yuxu zamanı ağız suyunun yastığa keçməsi də sarı ləkələrin yaranmasına səbəb ola bilər. Yatış vəziyyətini dəyişmək bu problemi müəyyən qədər azaltmağa kömək edə bilər.
Beləliklə, yastıqların mütəmadi yuyulması, tam qurudulması və qoruyucu üzlükdən istifadə edilməsi onların daha uzun müddət təmiz və gigiyenik qalmasına kömək edə bilər.
Jalə


