Maraqlı

Payız günləri üçün 4 fərqli qəhvə resepti - Balqabaqdan şabalıdlı latteyə qədər

Payız günləri üçün 4 fərqli qəhvə resepti - Balqabaqdan şabalıdlı latteyə qədər

Payızın sərin günlərində isti qəhvə həm günə xoş əhval-ruhiyyə qatır, həm də mövsümün dadlarını içkiyə daşımağa imkan verir. Balqabaq, darçın, şabalıd və məsir məcunu ilə hazırlanan fərqli qəhvə reseptləri klassik qəhvəyə yeni dadlar əlavə edir.

Demokrat.az bu payız üçün evdə asanlıqla hazırlana bilən 4 fərqli qəhvə reseptini təqdim edir.

Balqabaqlı qəhvə

Bu içki üçün 1 shot espresso və ya 1 fincan tünd dəmlənmiş qəhvə, 1 stəkan süd, 2 xörək qaşığı balqabaq püresi, 1 çay qaşığı darçın, az miqdarda zəncəfil və muskat, həmçinin bal, qəhvəyi şəkər və ya ağcaqayın şərbətindən istifadə edilir.

Balqabaq bişirilərək püre halına gətirilir. Süd, balqabaq püresi, şirinləşdirici və ədviyyatlar birlikdə qızdırılır. Qarışıq qaynadılmamalıdır. Daha kremli konsistensiya üçün blenderlə köpürdülə bilər. Daha sonra isti espressoya əlavə edilir və üzərinə süd köpüyü ilə darçın səpilir.

Məsir məcunlu qəhvə

Bu resept üçün 1 çay qaşığı məsir məcunu, 1 stəkan süd, 1,5 çay qaşığı həll olunan qəhvə və buz lazımdır.

Qəhvə az miqdarda isti suda həll edilir. Daha sonra süd, məsir məcunu və buzla birlikdə blenderə əlavə olunur. Buzlar xırdalanaraq qar konsistensiyasına gəldikdə içki stəkana tökülür. İstəyə görə üzərinə krem-şanti əlavə etmək olar.

Darçınlı qəhvə

Darçın sevənlər üçün hazırlanan bu içkinin əsas inqrediyentləri 1 çay qaşığı toz darçın, 1 stəkan süd və 1 çay qaşığı həll olunan qəhvədir.

Darçın südün içinə əlavə edilərək qızdırılır. Hazır qəhvə fincana töküldükdən sonra üzərinə darçınlı isti süd əlavə edilir. İstəyə görə krem-şanti və əlavə darçınla servis etmək mümkündür.

Şabalıdlı latte

Şabalıdlı latte hazırlamaq üçün 2 çay qaşığı filtr qəhvə, yarım stəkan süd və 3 ədəd qaynadılmış şabalıd tələb olunur.

Filtr qəhvə dəmlənərək süzülür. Südün içinə qaynadılmış şabalıd əlavə edilir və qarışıq qızdırılır. Südün bir hissəsi stəkana tökülür, digər hissəsi isə mikserlə köpürdülərək üzərinə əlavə edilir. Sonda süzülmüş qəhvə yavaş-yavaş stəkana tökülür.

Beləliklə, payızın sevilən məhsullarından istifadə etməklə ev şəraitində fərqli və ətirli qəhvə içkiləri hazırlamaq mümkündür.

Jalə