2026–2027-ci tədris ilində 23 Çin Xalq Respublikası vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanda ali təhsil alacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, tələbələr "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, həmçinin texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.
Qeyd olunub ki, Hökumətlərarası Təqaüd Proqramları ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, eləcə də ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.


