Apple-ın yeni "iPhone 18 Pro" modeli əvvəlki nəsillərlə müqayisədə bir sıra texniki yeniliklərlə təqdim olunub. Əsas dəyişikliklər kamera, performans, batareyanın işləmə müddəti və şarj sürətində özünü göstərir, dizayn və ekran göstəricilərində isə fərq daha məhduddur.
Demokrat.az xəbər verir ki, "The Independent" və "Tom"s Guide" nəşrləri "iPhone 18 Pro"-nu "iPhone 17 Pro" və "iPhone 16 Pro Max" modelləri ilə müqayisə edib.
Dizayn və ekran
"iPhone 18 Pro" 6,3 düymlük OLED ekranla təchiz olunub. Ekranın təsvir ölçüsü 2622×1206 piksel, yenilənmə tezliyi isə 1-120 Hz arasındadır. Ölçülər əvvəlki model ilə demək olar ki, eynidir, lakin yeni smartfon bir qədər ağırdır – 211 qram, "iPhone 17 Pro" isə 204 qramdır.
Əsas vizual yeniliklərdən biri Dynamic Island-ın kiçildilməsidir. Bundan başqa, Live Activities funksiyası eyni anda üç aktivliyi göstərə bilir. "iPhone 18 Pro" üçün tünd qırmızı və buz mavisi kimi yeni rəng seçimləri də təqdim edilib.
Kamerada əsas yenilik
"iPhone 18 Pro" üç 48 meqapiksellik kameradan ibarət sistemə sahibdir. Əsas kamera isə ilk dəfə dəyişən diafraqma əldə edib.
İstifadəçi diafraqmanı f/1.48, f/1.8, f/2.8 və f/4.0 səviyyələri arasında manual şəkildə seçə bilər. Diafraqma daha açıq olduqda kameraya daha çox işıq daxil olur və fon daha çox bulanıqlaşır. Daha qapalı diafraqma isə kadrda daha böyük sahənin fokusda qalmasına imkan verir.
"Tom"s Guide"ın "iPhone 18 Pro" Max və "iPhone 16 Pro Max" müqayisəsində gündüz çəkilişlərində fərqin hər zaman nəzərə çarpmadığı bildirilib. Hər iki model detalları, rəngləri və dinamik diapazonu yaxşı ötürüb. Lakin 4 qat böyütmədə yeni model daha çox detal göstərib, makro çəkilişlərdə isə rənglər və teksturalar daha aydın olub.
Performans yüksəlib
"iPhone 18 Pro" yeni A20 Pro prosessoru ilə işləyir. Çip 2 nanometrlik texnoloji proses əsasında hazırlanıb, "iPhone 17 Pro"-da isə 3 nanometrlik A19 Pro istifadə olunur. Apple qrafik performansında 40 faizə qədər artım olduğunu bildirir.
Soyutma sistemi də yenilənib. Buxarlanma kamerasının sahəsi təxminən üç dəfə böyüdülüb. Şirkətin məlumatına görə, bu dəyişiklik uzunmüddətli yüklənmə zamanı performansın 40 faizə qədər yüksək qalmasına imkan verir.
"Tom"s Guide" testində "iPhone 18 Pro" Max Geekbench 6-nın birnüvəli testində 4741, çoxnüvəli testində isə 12 789 bal toplayıb. "iPhone 16 Pro Max"-da bu göstəricilər müvafiq olaraq 3386 və 8306 bal olub. 3DMark Solar Bay Unlimited testində isə nəticələr 67,9 və 28,1 kadr/s təşkil edib.
Batareya və şarj
"iPhone 18 Pro" üçün 34 saata qədər video izləmə müddəti açıqlanıb. "iPhone 17 Pro"-da bu göstərici 31 saatdır.
Yeni modelin simli şarjı da sürətlənib. 60 Vt və ya daha güclü adapterlə "iPhone 18 Pro"-nu 15 dəqiqəyə 50 faizə qədər doldurmaq mümkündür. "iPhone 17 Pro" isə 40 Vt adapterlə eyni səviyyəyə təxminən 20 dəqiqəyə çatır.
"Tom"s Guide"ın testində "iPhone 18 Pro" Max 18 saat 27 dəqiqə, "iPhone 16 Pro Max" isə 17 saat 38 dəqiqə işləyib. 15 dəqiqəlik şarjdan sonra yeni model 53 faizə, əvvəlki model isə 29 faizə çatıb.
Ekran daha parlaqdır
"iPhone 18 Pro" Max və "iPhone 16 Pro Max" 6,9 düymlük OLED ekran və 120 Hz yenilənmə tezliyinə malikdir. Lakin laboratoriya testlərində yeni modelin ekranının daha parlaq olduğu müəyyənləşib.
"iPhone 18 Pro" Max 2326 nit parlaqlıq göstərib. "iPhone 16 Pro Max"-da isə bu göstərici 1385 nit olub. Fərq xüsusilə günəşli havada smartfondan istifadə zamanı hiss oluna bilər.
Qiymət də artıb
"iPhone 18 Pro"-nun 256 GB yaddaşlı versiyası Avropada 1449 avrodan başlayır. "iPhone 17 Pro" isə satışa çıxarkən 1299 avro qiymətinə təklif olunurdu.
"iPhone 18 Pro" Max-ın başlanğıc qiyməti 1599 avrodur. Müqayisə üçün "iPhone 16 Pro Max" satışa 1449 avrodan başlamışdı.
Beləliklə, "iPhone 17 Pro"-dan 18 Pro-ya keçid zamanı əsas fərqlər kamera, prosessor, soyutma sistemi, batareya və şarj sürəti ilə bağlıdır. "iPhone 16 Pro Max"-dan yeni modelə keçiddə isə ekran parlaqlığı, kamera imkanları, performans və şarj sürətindəki fərqlər daha nəzərəçarpandır.
Jalə


