Maraqlı

Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı

Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı

Hər gün cəmi 25 qram emal edilmiş ət istehlakı demensiya riskinin artması ilə əlaqələndirilib. Bu miqdar təxminən 1-2 dilim ət məhsuluna bərabərdir.

Demokrat.az xəbər verir ki, nəticələr "Annual Review of Nutrition" jurnalında dərc olunan geniş icmalda əksini tapıb. Araşdırmalardan birində Böyük Britaniyada təxminən 500 min insanın məlumatları təhlil edilib. Məlum olub ki, gündəlik rasiona əlavə edilən hər 25 qram emal edilmiş ət demensiya riskinin 44 faiz, Alzheimer xəstəliyi riskinin isə 52 faiz artması ilə əlaqələndirilib.

Emal edilmiş ət məhsullarına kolbasa, vetçina, salamı, bekon, hot-doq və müxtəlif ət dilimləri daxildir.

Tədqiqatçılar bildirirlər ki, söhbət əsasən ultraemal olunmuş məhsulların mümkün təsirindən gedir. Bu qrupa şirin içkilər, qablaşdırılmış qəlyanaltılar və tərkibində konservant, emulqator və süni rəngləndiricilər olan müxtəlif sənaye məhsulları daxildir.

Araşdırmanın aparıcı müəllifi Ouen Karmayklın sözlərinə görə, ultraemal olunmuş məhsulların beyin sağlamlığına necə təsir etdiyi hələ tam aydın deyil. Alimlər mümkün mexanizmlərdən birinin ürək-damar sisteminə mənfi təsir vasitəsilə beyinə təsir göstərməsi olduğunu düşünürlər. Digər ehtimala görə isə bəzi qida əlavələri beyindəki kimyəvi proseslərə təsir edə bilər.

Bununla belə, mütəxəssislər nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Mövcud məlumatların böyük hissəsi müşahidə xarakterli tədqiqatlardan əldə edilib və uzunmüddətli randomizə edilmiş klinik araşdırmaların sayı hələ məhduddur.

Alimlər beyin sağlamlığını qorumaq üçün meyvə, tərəvəz və balıq kimi daha az emal olunmuş qidaların rasionda artırılmasını tövsiyə edirlər. İcmalda qeyd olunan araşdırmalara əsasən, gündəlik kalorilərin cəmi 10 faizini ultraemal olunmuş məhsullardan təbii və ya az emal edilmiş qidalarla əvəz etmək demensiya riskinin 19 faiz azalması ilə əlaqələndirilib.

Mütəxəssislər eyni zamanda bildirirlər ki, bütün ultraemal olunmuş məhsullar eyni dərəcədə zərərli hesab edilə bilməz. Məsələn, bəzi zənginləşdirilmiş tam taxıllı məhsullar, yoqurt və qablaşdırılmış çörək kimi qidalar bu kateqoriyaya texniki olaraq daxil edilsə də, onların təsiri digər ultraemal olunmuş məhsullardan fərqli ola bilər.

Jalə