"Cəbrayılın adı Azərbaycanın ən yeni tarixində təkcə işğal və dağıntı ilə deyil, həm də dönüş nöqtəsi, qələbə və dirçəliş anlayışları ilə bağlıdır."
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.
O, qeyd edib ki, uzun illər doğma yurddan didərgin düşən cəbrayıllılar üçün 4 oktyabr sadəcə təqvimdəki bir tarix deyil. "Bu gün həm də 27 illik həsrətin sona çatmasının və tarixi ədalətin bərpasının rəmzidir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu ağır dağıntılarla üzləşdi. Bir şəhər, qəsəbələr və onlarla kənddən ibarət rayonun sosial, iqtisadi və mədəni həyatı məhv edildi, yüzlərlə insan şəhid oldu, on minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur qaldı. Tarixi abidələrin, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının dağıdılması isə işğalın miqyasını və erməni vandalizminin mahiyyətini göstərirdi. Lakin Cəbrayılın taleyi yalnız itkilərlə yazılmadı. Azərbaycan xalqı dövlətçilik iradəsini, Ordusu isə qüdrətini nümayiş etdirərək 2020-ci ildə tarixi Zəfərə imza atdı. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl istiqamətində qazanılan uğurlar sonrakı hərbi əməliyyatların gedişinə ciddi təsir göstərdi."
Düşmənin müdafiə xətlərini yarmaq üçün böyük peşəkarlıq, cəsarət və fədakarlıq tələb edildiyini vurğulayan millət vəkili bildirib ki, Cəbrayılın azad olunması Azərbaycan Ordusuna digər istiqamətlərdə hücumu genişləndirmək üçün strateji imkanlar açdı: "2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi Azərbaycan xalqının yaddaşına qürur səhifəsi kimi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə Cəbrayılın həyatında yeni dövrün başlanğıcı oldu. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə təkcə hərbi uğurun deyil, milli iradənin və tarixi yaddaşın təntənəsi kimi qəbul edildi. Bu gün Cəbrayıl artıq dağıntılar məkanından gələcəyə doğru inamla addımlayan quruculuq ünvanına çevrilib. Şəhərin Baş planı, yeni yaşayış kompleksləri, məktəblər, xəstəxana, sənaye və logistika layihələri, yol və enerji infrastrukturu bu yeniliyin göstəriciləridir. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması isə ən böyük məqsədin - insanların doğma torpaqlarına qayıdışının reallığa çevrildiyini göstərdi. Cəbrayılın bərpasına dövlət səviyyəsində göstərilən diqqət Prezident İlham Əliyevin azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Dövlət başçısının rayona səfərləri, yeni layihələrin təməlini qoyması və açılışlarda iştirakı quruculuq prosesinin ardıcıl xarakter daşıdığını göstərir. 4 Oktyabr - Cəbrayıl şəhəri günü bu baxımdan keçmişin ağrılarını unutmaq deyil, həmin ağrılardan doğan milli iradəni və qələbəni anlamaq günüdür. Bu tarix sübut edir ki, Azərbaycan öz torpaqlarını işğalla barışaraq deyil, güclü dövlət, qüdrətli ordu və milli birlik sayəsində azad edib. Bu gün yenidən qurulan Cəbrayıl isə qalib Azərbaycanın gələcəyə baxışını, Böyük Qayıdışın mahiyyətini və azad edilmiş torpaqlarda yeni həyatın başlanmasını ifadə edir" .


