Kiçik və münasib qiymətli bir toxum maqnezium baxımından şokolad və bəzi çərəzləri geridə qoyur. Söhbət kətan toxumundan gedir. Onun tərkibində 100 qram məhsul üçün təxminən 350-392 mq maqnezium olduğu bildirilir.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, kətan toxumu maqnezium, lif və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələrin sinir sisteminin normal fəaliyyətini dəstəklədiyi, stressin təsirlərini azaltmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə biləcəyi qeyd olunur. Kətan toxumunun ürək və əzələlərin fəaliyyətinə də faydalı olduğu bildirilir.
Tərkibindəki yüksək lif miqdarı həzm sisteminin fəaliyyətini dəstəkləyir, bağırsaq hərəkətlərini yaxşılaşdırır və qəbizliyin qarşısının alınmasına kömək edə bilər. Su ilə təmasda olduqda toxumun üzərində yaranan selikli təbəqənin isə mədə və qida borusunun selikli qişasını qoruduğu qeyd edilir.
Kətan toxumu həmçinin alfa-linolenik turşunun (ALA) bitki mənşəli mənbələrindən biridir. Bu omeqa-3 yağ turşusunun ürək-damar sisteminin sağlamlığının qorunmasına və orqanizmdə iltihabi proseslərin azalmasına töhfə verə biləcəyi bildirilir.
Lif və faydalı yağların birləşməsi karbohidratların mənimsənilməsini yavaşlada bilər. Bu səbəbdən kətan toxumunun qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edə biləcəyi qeyd olunur. Tərkibindəki liqnanlar isə antioksidant xüsusiyyətlərə malikdir.
Mütəxəssislər gündə 1-2 xörək qaşığı təzə üyüdülmüş kətan toxumunun qidaya əlavə edilməsini tövsiyə edirlər. Onu sıyıq, yoqurt, kəsmik və smuziyə qatmaq, həmçinin salatların, şorbaların və sendviçlərin üzərinə səpmək mümkündür. Evdə hazırlanan sousları qatılaşdırmaq və bəzi bişmiş məhsullara əlavə etmək üçün də istifadə edilə bilər.
Kətan toxumunun istifadəsində bəzi məqamlara diqqət yetirmək lazımdır. Yüksək lif tərkibinə görə onu rasiona birdən-birə çox miqdarda daxil etmək köp, qarın ağrısı və ishala səbəb ola bilər. Buna görə də az miqdardan başlayaraq tədricən artırmaq və kifayət qədər su içmək məsləhət görülür.
Üyüdülmüş toxumun tərkibindəki omeqa-3 yağ turşuları havada tez oksidləşə bildiyindən toxumu istifadə etməzdən əvvəl üyütmək və ya üyüdülmüş halda soyuducuda, ağzı kip bağlanan qabda saxlamaq tövsiyə olunur.
Bundan başqa, kətan toxumundakı selikli maddələr bəzi dərmanların sorulmasını yavaşlada bilər. Buna görə dərman qəbulu ilə kətan toxumunun istifadəsi arasında ən azı 1-2 saatlıq interval saxlamaq məsləhətdir.
Jalə


