"Enerji təhlükəsizliyinin əsasını üç mühüm amil, təminatlılıq, etibarlılıq və münasib qiymət təşkil edir. Azərbaycanda bu istiqamətlər üzrə əsas şərtlər təmin olunub. Qlobal geosiyasi transformasiyalar fonunda Azərbaycanın təbii qaz və neftinin beynəlxalq bazarlara dayanıqlı, sabit və təhlükəsiz şəkildə çatdırılması ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal qaz tələbatının ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən dörd dəfədən çox artması qarşıdakı dövrdə təbii qazın dünya enerji bazarındakı rolunun daha da dəyişəcəyini göstərir. Müxtəlif regionlarda qaz tələbatının fərqli istiqamətlərdə inkişaf edəcəyi gözlənilir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın qaz ixrac infrastrukturunun əsasən Qərb istiqamətində formalaşması ölkənin təbii qazının bu bazarlarda müxtəlif funksiyalar daşımasına imkan verir.
"Azərbaycan qazı istehlakçı ölkələr üçün inkişafı dəstəkləyən, digər enerji mənbələrini əvəz edən və ehtiyat yanacaq mənbəyi kimi çıxış edə bilər. 2022-ci ilin fevralından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya neftinin beynəlxalq ixrac imkanlarının məhdudlaşması, eləcə də Yaxın Şərqdəki gərginlik fonunda Hörmüz boğazından neft daşımalarının risklərlə üzləşməsi qlobal enerji bazarında təchizat, qiymətlər və iqtisadi artım üzərində təzyiqləri artıran əsas amillər sırasında qalır.
Bu şəraitdə Azərbaycanın "Azeri Light" və "BTC Blend" neft markalarının Qara dəniz və Aralıq dənizi bazarlarında yüngül və ağır neft arasında balansın qorunmasındakı rolu artır. Təchizat zəncirinin sabitliyi və enerji axınlarının təhlükəsizliyi baxımından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət daşıyır.
Neft və qaz kəmərləri qlobal enerji təhlükəsizliyi, təchizat zəncirlərinin davamlılığı və geosiyasi sabitlik baxımından mühüm infrastruktur hesab olunur. Bu kəmərlər dəniz daşımalarında yarana biləcək kritik risklərdən yan keçməklə enerji təchizatının dayanıqlılığını artıran əsas marşrutlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi də istehsalçı və istehlakçı bazarlarını birləşdirən mühüm ixrac infrastrukturları sırasındadır.
Azərbaycanın neft emalı imkanları da enerji təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Ölkənin aktivində olan ümumi illik emal gücü 30 milyon ton təşkil edən üç neft emalı zavodu neft məhsulları bazarında tarazlığın qorunmasına xidmət edir.
Qlobal bazarda neft qıtlığı yarandığı zaman emal müəssisələri ilk reaksiya verən infrastrukturlardan biri olur. Böhran dövründə emal həcmlərinin dəyişdirilməsi, xammal ehtiyatlarının yenidən bölüşdürülməsi, texniki xidmət qrafiklərinin tənzimlənməsi və məhsul axınlarının istiqamətinin dəyişdirilməsi təchizatın davamlılığında mühüm rol oynayır. Azərbaycanın emal gücləri həm daxili bazarın, həm də xarici bazarların neft məhsulları ilə təminatında iştirak edir.
Bununla yanaşı, ölkədə qaz-kimya sənayesinin inkişafı da yerli xammaldan istifadənin genişləndirilməsinə imkan verir. SOCAR-ın aktivində olan illik istehsal gücü 650 min ton olan Karbamid zavodu və 561 min ton gücündə Metanol zavodunun xammal təminatı yerli qaz hesabına həyata keçirilir. İllik istehsal gücü 304 min ton olan Polimer zavodunun xammal təchizatı da yerli istehsal hesabına təmin olunur. Bu müəssisələrin hər üçü ixracyönümlü istehsal gücləridir.
Azərbaycanın enerji sisteminin şaxələndirilməsi, yeni enerji güclərinin sənaye istismarına verilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, regionun enerji təminatında da Azərbaycanın rolunu artırır".


