Sosial

Cəbrayıldan başlanan 44 günlük qəhrəmanlıq dastanı: İşğaldan azad olunan ilk şəhərimiz

Cəbrayıldan başlanan 44 günlük qəhrəmanlıq dastanı: İşğaldan azad olunan ilk şəhərimiz

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi tarixi qələbə günlərini əbədiləşdirdi. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Bu gün hər birimizin qəlbi böyük qürur və fəxarət hissi ilə döyünür. Çünki həmin gün Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın otuz illik yurd həsrətinə son qoyan şanlı günlərdən birini – Cəbrayıl Şəhəri Gününü qeyd edirik!

4 oktyabr 2020-ci il – yenilməz Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi ilə Cəbrayıl şəhərinin və ətraf kəndlərinin işğalçılardan təmizləndiyi müqəddəs tarixdir. Məhz həmin gün Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmin gün Cəbrayılın mərkəzində ucaldılan şanlı bayrağımız, bütün Qarabağın azadlıq müjdəçisi oldu. Bu zəfər Vətən müharibəsinin gedişatında hərbi və strateji dönüş nöqtəsinə çevrildi, ordumuzun qələbəyə olan inamını daha da artırdı. Bu inam bizi 2020- ci il noyabrın 10- da düşmənin kaputilyasiya aktını imzalandığı günə qədər apardı.

Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu gündən bir həftə sonra Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edlmiş ərazilərə səfərləri başlandı və bununla da bərpa-quruculuq işlərinin əsası qoyuldu. Prezident və Vitse-prezidentin işğaldan azad edilmiş Cəbrayıl rayonuna ilk səfərləri 2020- cii il noyabrın 16- da reallaşdı və bununla da rayon yeni inkişaf mərhələsinə qədəm qoydu. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Son 6 ildə dövlətimizin başçısının və Birinci xanımın Cəbrayıla baş tutan 12 səfərlərinin hər biri rayon ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Çünki hər səfərdə yeni obyektlərin, yaşayış evlərinin əsası qoyulmuş, bəzilərinin isə açılış mərasimləri keçirilmişdir. Bununla da tədricən rayonun siması tamamilə dəyişib. Vaxtilə düşmənin viran qoyduğu bu səfalı diyar bu gün yenidən qurulur. "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərin sakinləri artıq doğma dədə-baba yurdlarına qayıdırlar. Sakinlərin öz isti ocaqlarına qayıtmaları o torpaqlara can verib. Tikilən yeni evlər, bərpa edilən kəndlər, məktəblər, salınan yollar və "Araz Vadisi İqtisadi Zonası" Cəbrayılın gələcək tərəqqisinin rəmzidir. Ən son məlumatlara əsasən, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunda, Şükürbəyli və Horovlu kəndləri də daxil olmaqla ümumilikdə, 1 600 ailə (7 022 nəfər) daimi olaraq məskunlaşıb.

Köçürülən ailələr əsasən respublikanın müxtəlif yerlərindəki yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış rayon sakinləridir. Hazırda rayonda dövlət proqramına uyğun olaraq yeni yaşayış komplekslərinin və fərdi evlərin tikintisi, eləcə də əhalinin mərhələli şəkildə yerləşdirilməsi prosesi davam edir. Bundan əlavə, rayonda daimi məskunlaşan yerli əhali ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan genişmiqyaslı tikinti-quruculuq layihələrində, dövlət strukturlarında, təhsil və səhiyyə müəssisələrində xidmət edən minlərlə işçi heyəti də müvəqqəti və ya xidməti olaraq rayonda fəaliyyət göstərir. Dövlət proqramına əsasən yaxın gələcəkdə rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə də kütləvi köç planlaşdırılır.

"Araz Vadisi İqtisadi Zonası"nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.

Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.

Dövlət başçımızn sərəncamına əsasən 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 min 797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə "Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilmişdir. Rayonda və kəndlərdə həyata keçirilən bərpa-quruculuq işləri Baş Plana əsasən aparılır.

Bu gün xalqımız təkcə bir şəhərin azadlığını deyil, həm də tariximizin, mədəniyyətimizin və ləyaqətimizin bərpasını bayram edir. Bu müqəddəs gündə Cəbrayılı və digər torpaqlarımızı bizə bəxş edən, canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə uzun ömür, cansağlığı arzulayırıq. Onların qanı və canı bahasına qazanılan bu müstəqillik və azadlıq əbədidir!

Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru