Dünya

Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək

Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək

Rusiya digər ölkələrə hücum etməyə hazırlaşmır, lakin öz ərazilərinə birbaşa hücum olacağı təqdirdə mövcud olan bütün silahlardan istifadə edərək cavab vermək məcburiyyətində qalacaq.

Bu barədə ölkə Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun XXIII iclasının plenar sessiyasında bildirib.

"Biz heç kimi hədələmirik, nə 2029-cu, nə 2030-cu, nə də 2050-ci ildə heç kimə hücum etməyə hazırlaşmırıq. Lakin təcavüzlə üzləşsək, cavab vermək məcburiyyətində qalacağıq", - Putin deyib.

O, Avropa ölkələrinin vətəndaşlarını Rusiyanın mövqeyi ilə öz dövlətlərinin siyasi rəhbərliyinin mövqeyini fərqləndirməyə çağırıb.

Putin həmçinin bildirib ki, NATO ilə birbaşa toqquşma halında Rusiya müəyyən hərbi üstünlüklərə malikdir. Onun sözlərinə görə, Fransa və Böyük Britaniya nüvə dövlətləridir, lakin Rusiya digər ölkələrdə olmayan silah sistemlərinə malikdir.

"Bəli, əlbəttə, Fransa, Böyük Britaniya nüvə dövlətləridir, biz bunu çox yaxşı başa düşür və dərk edirik, lakin bu gün Rusiyanın malik olduğu məhvetmə vasitələri heç kimdə yoxdur. Bu bizim rəqabət üstünlüyümüzdür", - Rusiya lideri qeyd edib.

Putin həmçinin Kalininqrad vilayətinə və ya ölkənin digər ərazilərinə birbaşa hücum ediləcəyi təqdirdə, Rusiyanın malik olduğu bütün silahlardan istifadə məsələsinin qaçılmaz olaraq dərhal gündəmə gələcəyini bildirib.

NE
Nihadə Eyyubova