Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasına səfər edib.
Demokrat.az xəbər verir ki, səfər çərçivəsində sentyabrın 30-da Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.
İclasda Mədəniyyət, Xarici İşlər, İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Ələt azad iqtisadi zonası, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentliklərinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidmətləri və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilk dəfə iclasda təmsil olunub.
Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar açılış nitqi söyləyiblər. İki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti qiymətləndirilib, perspektivlər təhlil edilib.
Sonra iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, elm və təhsil, turizm və digər sahələrdə əməkdaşlığa dair çıxışlar dinlənilib. İki ölkənin aidiyyəti dövlət qurumları arasında imzalanması nəzərdə tutulan sənədlərin razılaşdırılması prosesinin sürətləndirilməsi təklif olunub.
Sonda iclasın yekunlarına dair protokol imzalanıb. Sənədə mədəniyyət naziri Adil Kərimli və iqtisadiyyat naziri Ante Şuşnyar imza atıblar. Sənəddə iqtisadi, sənaye, enerji, nəqliyyat, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.












