Beyin insan orqanizminin ən mürəkkəb və sirli orqanlarından biridir. O, düşüncə, emosiyalar və hətta şüuraltı reaksiyalar da daxil olmaqla, bədəndə baş verən bütün prosesləri idarə edir. Lakin beynin fəaliyyəti ilə bağlı cəmiyyətdə çoxsaylı yanlış təsəvvürlər mövcuddur.
Bunlardan hansının həqiqət, hansının isə sadəcə mif olması ilə bağlı məqamları təqdim edir.
1-ci mif: İnsan beyninin yalnız 10 faizindən istifadə edir
Bu, ən geniş yayılmış yanlış fikirlərdən biridir və heç bir ciddi elmi əsası yoxdur. Əgər beynin 90 faizi fəaliyyətsiz olsaydı, təkamül prosesində bu hissələrin zamanla yox olması gözlənilərdi.
MRT və PET kimi neyrovizualizasiya üsulları ilə aparılan tədqiqatlar göstərir ki, müxtəlif vaxtlarda beynin fərqli sahələri aktiv olur. İnsan yatarkən belə beyin fəaliyyətini dayandırmır. O, məlumatları emal edir, tənəffüsü, ürək döyüntüsünü və digər həyati funksiyaları tənzimləyir.
Bundan başqa, beynin müxtəlif nahiyələrinin zədələnməsi müəyyən funksiyaların pozulmasına səbəb ola bilər.
Bu da beynin yalnız kiçik hissəsinin deyil, ümumilikdə bütün strukturunun funksional əhəmiyyət daşıdığını göstərir.
2-ci mif: Beyin nə qədər böyükdürsə, insan bir o qədər ağıllıdır
Beynin ölçüsü öz-özlüyündə intellekt səviyyəsini müəyyən etmir. Məsələn, neandertalların beyni müasir insanın beynindən daha böyük olub, lakin bu, onların daha yüksək idrak qabiliyyətinə malik olduğu anlamına gəlmir.
İntellekt beynin həcmindən daha çox neyronlar arasındakı əlaqələrin sıxlığı və keyfiyyətindən, siqnalların ötürülmə effektivliyindən, həmçinin mürəkkəb düşüncə, məntiq və qərarvermə ilə əlaqəli alın payları kimi müəyyən beyin sahələrinin inkişafından asılıdır.
İntellektə genetika, təhsil, ətraf mühit və həyat tərzi də təsir göstərir. Qidalanma, fiziki aktivlik və yuxunun keyfiyyəti də bu baxımdan mühüm rol oynaya bilər.
3-cü mif: Sinir hüceyrələri bərpa olunmur
Bu fikir uzun illər insanların yaddaşında möhkəmlənib, lakin elm artıq onun tam doğru olmadığını göstərib.
XX əsrin sonlarında aparılan araşdırmalar neyrogenez adlanan, yəni yeni sinir hüceyrələrinin yaranması prosesinin həyat boyu müəyyən səviyyədə davam edə bildiyini göstərib. Bu proses xüsusilə yaddaş və öyrənmə ilə əlaqəli olan hipokamp bölgəsi ilə bağlı araşdırmalarda diqqət çəkib.
Bundan əlavə, insultdan və ya beyin travmalarından sonra neyron əlaqələrinin plastikliyi hesabına müəyyən funksiyaların qismən bərpası mümkün ola bilər. Yeni neyron əlaqələrinin yaranması itirilmiş funksiyaların müəyyən qədər kompensasiya edilməsinə kömək edə bilər. Bu prosesdə düzgün reabilitasiya da mühüm rol oynayır.
4-cü mif: Beyin boz rəngdədir
Bu fikir qismən doğrudur, lakin tam dəqiq deyil. Canlı insanın beyni onu oksigen və qida maddələri ilə təmin edən çoxsaylı qan damarlarına görə çəhrayı-qırmızımtıl rəngə malik olur.
Qan dövranı dayandıqdan sonra beyin daha boz görünüş ala bilər.
Üstəlik, beynin bütün hissələri boz maddədən ibarət deyil. Onun strukturunda ağ maddə də mövcuddur. Ağ maddə əsasən mielinlə örtülmüş sinir liflərindən ibarətdir və beynin müxtəlif nahiyələri arasında siqnalların ötürülməsində mühüm rol oynayır.
5-ci mif: Yaş artdıqca intellekt mütləq azalır
Yaş artdıqca beyində müəyyən dəyişikliklərin baş verməsi təbiidir. Lakin bu, insanın mütləq şəkildə daha az ağıllı olması demək deyil. (lent.az)

