İnsanın keçmişdə yaşadığı mənfi hadisələri dəfələrlə düşünməsi problemi həll etmək əvəzinə psixoloji yorğunluğu artıra bilər. Mütəxəssislər bu vəziyyəti ruminasiya – yəni həll yaratmadan eyni düşüncə və ssenarilərin zehində təkrar olunması kimi izah edirlər.
Demokrat.az xəbər verir ki, klinik psixoloq Buse Arslanın sözlərinə görə, insanın diqqətini xarici dünyanın tələblərindən öz daxili aləminə yönəltməsi psixoloji tarazlıq baxımından əhəmiyyətlidir. Lakin daxili dünyaya həddindən artıq fokuslanmaq və hər şeyi davamlı analiz etmək insanın öz düşüncələri arasında ilişib qalmasına səbəb ola bilər.
“Sağlam daxili yönəliş insana açıqlıq və fərqindəlik qazandırdığı halda, həddindən artıq analiz zamanla insanın öz düşüncələri içində itkin düşməsinə səbəb ola bilər”, deyə Arslan bildirib.
Ruminasiya ilə özünü dinləmək arasındakı fərq
Mütəxəssis qeyd edir ki, özünü müşahidə etmək və ruminasiya bir-birindən fərqlənir. Özünü dinləmə zamanı insan keçirdiyi hisslərin səbəbini anlamağa və onlardan nəticə çıxarmağa çalışır. Ruminasiya zamanı isə düşüncə irəliləmir və insan eyni mənfi məqamın ətrafında dövr edir.
“Ruminasiyada düşüncə prosesi irəliləmir; eyni nöqtənin ətrafında dövrə vurub dayanır”, deyə Arslan vurğulayıb.
İnsan bəzən saatlarla eyni hadisəni təhlil edir, alternativ ssenarilər qurur və bununla problemin həllinə yaxınlaşdığını düşünür. Lakin bu proses qeyri-müəyyənliyi tam aradan qaldırmır və əksinə, zehni tükənməni gücləndirə bilər.
Tənqidi daxili səs necə formalaşır?
Mütəxəssislərin fikrincə, insanın özünə qarşı sərt və mühakiməedici münasibəti uşaqlıq dövründə formalaşan təcrübələrlə əlaqəli ola bilər. Davamlı tənqid olunan və sevgini şərtlərlə əldə edən insan zamanla kənardan eşitdiyi mühakiməedici münasibəti öz daxili səsinə çevirə bilər.
Özünə şəfqət yanaşmasının əsasını isə bu sərt daxili səsi tamamilə susdurmaq deyil, ona daha anlayışlı və balanslı münasibət göstərmək təşkil edir. Klinik psixoloq Pol Gilbertin yanaşmasına əsasən, insanın başqalarına göstərdiyi anlayış və şəfqəti özünə də göstərə bilməsi psixoloji dayanıqlılığa kömək edə bilər.
Ruminasiya zehni necə yorur?
Eyni hadisə barədə davamlı düşünmək insanın diqqətini keçmişin peşmanlıqları və gələcəklə bağlı mənfi ssenarilər arasında saxlayır. Bu vəziyyət qərar qəbul etməyi çətinləşdirə, narahatlığı artıra və gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər.
Xüsusilə “Niyə belə oldu?” sualına davamlı cavab axtarmaq düşüncə prosesinin qısır dövrəyə çevrilməsinə səbəb ola bilər. İnsan düşündükcə nəzarət hissinin artdığını zənn etsə də, konkret həll yaranmadıqda zehni enerji tükənməyə başlayır.
Düşüncə sarmalından necə çıxmaq olar?
Təkrarlanan düşüncələri dayandırmaq üçün ilk növbədə insan onların fərqinə varmalıdır. Mütəxəssislər belə hallarda düşüncələrlə mübarizə aparmaq əvəzinə onların yaratdığı emosiyanı müəyyənləşdirməyi tövsiyə edirlər.
Bunun üçün:
* yaşanan duyğunu adlandırmaq; * mənfi ssenarilərin real əsaslarını yoxlamaq; * diqqəti nəfəsə və bədən duyğularına yönəltmək; * düşüncələri yazaraq onları konkretləşdirmək; * diqqəti həmin anda görülən işə yönəltmək faydalı ola bilər.
Özünü dinləmə zamanı insanın düşüncələri və hissləri daha aydınlaşır. Ruminasiya zamanı isə eyni ssenarilər təkrarlandıqca zehni yorğunluq artır.
Mütəxəssislər qeyd edirlər ki, insanın çətin anlarda özünə qarşı daha anlayışlı davranması daxili gərginliyi azaltmağa və psixoloji dayanıqlılığı gücləndirməyə kömək edə bilər. Təkrarlanan düşüncələr uzun müddət davam edir və gündəlik həyata ciddi təsir göstərirsə, peşəkar psixoloji dəstəyə müraciət etmək məqsədəuyğundur.
Jalə Demokrat.az

