Hərbi Özəl

Ulduz müharibələri reallığa çevrildi — Vaşinqton bu faktı ilk dəfə açıqladı

Ulduz müharibələri reallığa çevrildi — Vaşinqton bu faktı ilk dəfə açıqladı

ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink ölkəsinin orbitdə “kosmosa nəzarət silahları” yerləşdirdiyini ilk dəfə açıq şəkildə təsdiqləyib. Silahların konkret imkanları və nə vaxt orbitə çıxarıldığı açıqlanmayıb.

Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının kosmosda nəzarət silahlarının yerləşdirilməsi ilə bağlı iddialar əslində xeyli vaxtdır səslənirdi.

Ulduz müharibələri reallığa çevrildi — Vaşinqton bu faktı ilk dəfə açıqladı

Onun sözlərinə görə, 80-ci illərdə ABŞ prezidenti olmuş Ronald Reyqan o zaman Sovetlərə qarşı “Ulduz müharibələri” adlandırılan bir plan da açıqlamışdı:

“Bu planın mahiyyəti ondan ibarət idi ki, Amerika Birləşmiş Ştatları kosmosda raket və digər silahların yerləşdirilməsi ilə bağlı açıqlamalar vermişdi və SSRİ-ni, yəni indiki Rusiyanı da bu silahlanma yarışına qoşaraq onu iqtisadi cəhətdən zəiflətmiş və sonda dağılmasına səbəb olmuşdu.

Hazırkı şəraitdə isə nəzərə alsaq ki, son illər Amerika Birləşmiş Ştatlarında, xüsusilə də özəl şirkətlər kosmosla ciddi şəkildə maraqlanırlar və orbitə çoxlu sayda raket göndərilir, bu baxımdan ABŞ-ın kosmosla bağlı planlarının indi etiraf olunması vaxtilə səsləndirilmiş iddiaların reallaşması kimi qiymətləndirilə bilər.

Əlbəttə ki, gələcəkdə böyük güclər arasında kosmosda rəqabətin olacağı hələ əvvəldən də məlum idi və son illər bu, açıq şəkildə ortaya çıxan bir tendensiyadır. Şübhəsiz ki, qarşıdakı onilliklərdə kosmosda silahlanma yarışının güclənəcəyi gözlənilir. Xüsusilə də kosmik imkanlara malik ABŞ, Çin və Rusiya arasında rəqabət qaçılmazdır”.

Politoloq əlavə edib ki, bu, beynəlxalq təhlükəsizlik baxımından müəyyən çəkindirici təsirlərlə yanaşı, təhlükəsizlik problemlərini də özü ilə gətirə bilər:

“Nəzərə alsaq ki, ABŞ-ın hazırkı administrasiyası faktiki olaraq iki qlobal gücün ABŞ və Çinin olduğunu qəbul edir, eyni zamanda Rusiyanı da böyük güc kimi qiymətləndirir. Bu baxımdan, qarşıdakı onilliklərdə kosmosda, xüsusilə də ABŞ və Çin arasında rəqabətin güclənəcəyi gözlənilir.

Rusiya da təbii ki, böyük kosmos ölkəsidir və onun kosmosla bağlı çox ciddi tarixi təcrübəsi var. Bu baxımdan, bu rəqabətin daha da güclənəcəyi gözlənilir”.

Nuray Paşşanlı

D
demokrat.az