Cəmiyyət Özəl

"Birmənalı şəkildə ananın adının şəxsiyyət vəsiqəsində göstərilməsinin əleyhinəyəm"

Birmənalı şəkildə ananın adının şəxsiyyət vəsiqəsində göstərilməsinin əleyhinəyəm

Azərbaycanda şəxsiyyət vəsiqəsində ata adı ilə yanaşı ana adının da qeyd olunması təklifi gender bərabərliyi çərçivəsində yeni müzakirələrə səbəb olub.

Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu təklifin qəti əleyhinədir.

Onun sözlərinə görə, bu, indiyə qədər mövcud olan ənənələrin, dəyərlərin və prinsiplərin ziddinə getmək və onları müəyyən mənada aşağılamaq deməkdir:

“Bu təkliflər, yəqin ki, ümumiyyətlə, soyadına, valideyn soyadının daşıyıcısı olmaq məsələsinə qeyri-ciddi münasibətdən doğur.

Bu, heç də bərabərliyin nümunəsi deyil. Yəni, bu, bərabərliyi təmin edən faktor deyil. Bərabərliyi təmin edən faktor ədalətin, insan hüquqlarının və digər aktual məsələlərin düzgün tətbiq olunmasıdır. İnsana hörmət, insanın şərəf və ləyaqətinin qorunması, insanın şəxsi azadlığının və toxunulmazlığının qorunması fonunda bərabərlik ola bilər.

Qadın qadın olaraq gender rolunu, kişi də kişi olaraq gender mənsubiyyətini heç vaxt dəyişməməlidir, sabit qalmalıdır. Yəni, ata və ana adı onsuz da müəyyən rəsmi sənədlərdə, yazışmalarda və yaxın qohumların siyahısında göstərilir.

Əgər biz ailə başçısı olaraq bütün dünyada atanı qəbul ediriksə, bu halda, təbii ki, nəsil xətti, şəcərə xətti, soyad məhz ata xətti ilə davam etməlidir. Yəni, mən birmənalı şəkildə ananın adının şəxsiyyət vəsiqəsində göstərilməsinin əleyhinəyəm.

Bu, həm də müəyyən mənada mental dəyərlərdən irəli gələn bir xüsusiyyətdir. Göstərilə bilər, yəni, burada qeyri-adi bir şey yoxdur. Amma bu əlavə yüklənmə, əlavə informasiya, məncə, yersiz olaraq ailə mühitinə həddən artıq müdaxilə kimi dəyərləndirilməlidir.

Yaxşı olar ki, Milli Məclisdə daha çox sosial təminat, uşaq hüquqlarının müdafiəsi, uşaq müavinətinin tətbiqi, pensiya təminatının asanlaşdırılması, pensiya təminatında əlçatanlıq prinsipinin tətbiqi, sosial məsələlərin və infrastruktur problemlərinin həlli istiqamətində, eləcə də yerli özünüidarəetmənin imkanlarının, şəffaflığının və səlahiyyətlərinin artırılması baxımından müəyyən qanunvericilik təşəbbüsləri ortaya atılsın və bunlar reallaşdırılsın”.

Sosioloq əlavə edib ki, belə fərdi təşəbbüslər insan azadlığını və gender bərabərliyini hər hansı formada dəyişmir:

“Əksinə, mənim fikrimcə, bu, daha çox vaxt aparmaq və baş qatmaq üçün olan bir məsələdir.

Mən belə təkliflərə qeyri-ciddi yanaşmağın və yaxud, deyək ki, bəzi hallarda hüquq toxunulmazlığından, qanunvericilik mövqeyindən məqsədli istifadənin sui-istifadə deməzdim, amma məqsədli istifadə və müəyyən bir görüntü yaratmaq cəhdinin aşkar göründüyünü düşünürəm.

Yəni, ananın adı indiyə qədər şəxsiyyət vəsiqəsində göstərilmir. Kimin oğlu olmaq önəmlidir, amma bu, hər bir halda, ata adı göstərilirsə, övladın anasını gizlətmir. Hər bir halda, ana adı da müvafiq sənədlərdə əks olunur.

Bunu şəxsiyyət vəsiqəsinə əlavə etmək əlavə yük, əlavə vaxt itkisi, əlavə məsrəf və əlavə, yersiz və mənasız müzakirələr deməkdir”, - deyə Naib Niftəliyev fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az