Sosial

Azərbaycan–Özbəkistan birgə elmi müsabiqəsinin qalibləri müəyyənləşdi

Azərbaycan–Özbəkistan birgə elmi müsabiqəsinin qalibləri müəyyənləşdi

Azərbaycan və Özbəkistan alimlərinin birgə hazırladığı 5 elmi layihə beynəlxalq müsabiqənin qalibi olub.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın İnnovativ İnkişaf Agentliyinin birgə təşkil etdiyi Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqənin əsas məqsədi iki ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirmək, alimlər arasında elmi əlaqələri gücləndirmək və aktual istiqamətlər üzrə birgə araşdırmaları dəstəkləməkdir.

Müsabiqə çərçivəsində Azərbaycan və Özbəkistan alimlərinin birgə iştirakı ilə hazırlanmış 139 elmi layihə ekspertizadan keçirilib. Elmi və texniki qiymətləndirmələrin nəticələrinə əsasən, 5 layihə qalib elan olunub.

Qalib layihələr aşağıdakılardır:

1. Vanadiumun titanmaqnetit filizindən və texnogen tullantılardan çıxarılması üçün kompleks emal metodlarının hazırlanması.

2. Günəş, külək və dizel elektrik stansiyalarının enerji yığma sistemləri ilə optimal idarə olunması üçün alqoritmlərin işlənib hazırlanması.

3. Avtonom istilik təchizatı sistemləri üçün funksional kompozit materiallar əsasında polimer günəş kollektorunun parametrlərinin müəyyənləşdirilməsi və elmi əsaslandırılması.

4. Şəbəkə planlaşdırılmasının təkmilləşdirilməsi yolu ilə nəqliyyat sisteminin optimallaşdırılması və şəhər mobilliyinin öyrənilməsi üçün proqram təminatının hazırlanması.

5. Oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanması.

Qalib layihələr Azərbaycan və Özbəkistanın bir sıra aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşlığı əsasında həyata keçiriləcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi müsabiqənin qaliblərini təbrik edib və onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Demokrat.az

D
demokrat.az