Azərbaycanda ev şəraitində hazırlanan qida məhsullarının satışı ilə bağlı yeni qaydaların hazırlanması nəzərdə tutulur. Yeni qaydalar çərçivəsində evdə hazırlanan bulka, peraşki, müxtəlif un məmulatları, turşu və digər qida məhsullarının satışının tənzimlənməsi gözlənilir.
Bəs bu tələblər istehlakçıların qida təhlükəsizliyinə və ev şəraitində məhsul hazırlayıb satan şəxslərin fəaliyyətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, ev şəraitində hazırlanıb satılan məhsullarda birinci diqqət olunacaq məqam həmin məhsulların təhlükəsiz şəkildə hazırlanmasıdır.

Onun sözlərinə görə, xüsusilə məhsulların mikrobioloji və çarpaz çirklənmədən qorunması, sanitar-gigiyena qaydalarına uyğun hazırlanması, düzgün saxlanılması, tərkibində allergen varsa, bunun bildirilməsi, üzərində istehsal tarixinin və son istifadə müddətinin düzgün şəkildə göstərilməsi hər zaman riskli faktorlar arasında qalır:
“Bəzən də bu məlumatlar ümumiyyətlə istehlakçıya çatmır, sadəcə satıcının şifahi məlumatlarına əsasən qiymətləndirilir.
Ona görə bu məqamlar mütləq şəkildə tələblər kimi qoyulmalıdır ki, məhsulun hazırlanması, qablaşdırılması, saxlanması və satış şərtlərinə uyğun şəkildə təqdim olunması əsas amillərdən hesab olunsun. Eyni zamanda, bu fəaliyyət mütləq qanuni çərçivədə olmalıdır.
Belə olan halda, təbii ki, insanlar evdə hazırlanmış məhsulu aldıqda belə, onun təhlükəsiz, qanuni və nəzarətdən keçdiyinə görə daha etibarlı və əmin şəkildə ala bilərlər. Belə məhsullarda etiketlərin olmaması hər zaman riskli olduğuna görə, mütləq etiket hazırlanmalıdır. Etiket satıcı tərəfindən hazırlanmış olsa belə, dəyişdirilə bilməməli və düzgün şəkildə alıcıya təqdim olunmalıdır.
Bir çox məhsullar var ki, bunlar ət və ət məhsulları, süd və süd məhsulları, kremli və yumurtalı məhsullardır. Onlar daha çox yüksək risk qrupuna aiddir. Ancaq quru peçenyelər və yaxud daha gec xarab olan məhsullar var ki, onlar aşağı risk qrupuna aiddir. Ona görə də bunlarda çirklənmə və xarab olma riski fərqli olmalıdır.
Eyni zamanda, burada yeni qaydaların tətbiq olunması həm istehlakçıların sağlamlığının qorunmasında əsas rol oynayacaq, həm də düzgün qaydada fəaliyyət göstərən, ev şəraitində kiçik bizneslə məşğul olan insanların fəaliyyətinin və etibarlılığının artmasına imkan verəcək.
Ona görə əsas məsələ bu problemlərin aradan qaldırılmasıdır. Qeydiyyat, gigiyena tələbləri, düzgün etiketlənmə və saxlama şəraitinin düzgün olması əsas amillərdən hesab olunur”, - deyə Məhsət Hüseynova fikrini tamamlayıb.


