“iSeeCars” mütəxəssislərinin yeni araşdırması 250 min mil (400 min kilometrdən çox) məsafə qət etmək ehtimalı ən yüksək olan avtomobil markalarını müəyyənləşdirib. Reytinqdə Asiya istehsalçıları üstünlük təşkil edir: ilk dörd pilləni “Toyota”, “Lexus”, “Honda” və “Acura” tutub.
Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri “iSeeCars” onlayn platformasının saytında dərc olunub.
Nəticələrə görə, ən yüksək resursa malik avtomobillər “Toyota” markasına aiddir. Yapon istehsalçısının modellərinin 250 min mil həddini keçmək ehtimalı təxminən 20 faizdir.
“Lexus” avtomobilləri üçün bu göstəriciyə çatmaq ehtimalı 14,4 faiz təşkil edir. “Honda” 13,3 faizlə “Lexus”dan bir qədər geri qalır. “Acura” isə 9,5 faiz göstərici ilə dördüncü yerdədir. Bu markaların hamısının göstəricisi sənaye üzrə 5,4 faiz olan ümumi orta göstəricidən yüksəkdir.
Yapon olmayan markalar arasında ən yüksək nəticəni “GMC” göstərib. Marka 5,8 faiz göstərici ilə beşinci yerdədir. Onu 5,3 faizlə “Mazda” izləyir. Bundan sonra reytinqdə yer alan markaların heç birinin 250 min mil həddinə çatmaq üzrə hesablanmış ehtimalı 5 faiz və ya daha yüksək deyil.
“Ford” və “Chevrolet” kimi kütləvi Amerika markaları yaxşı nəticələr göstərib. Almaniyanın premium markaları isə reytinqdə daha aşağı mövqelərdə qərarlaşıb. Araşdırmaya əsasən, “BMW” modellərinin 250 min mil məsafəni keçmək ehtimalı cəmi 0,5 faizdir. “Audi” üçün də eyni göstərici qeydə alınıb. “Mercedes-Benz”də bu göstərici daha yüksək – 2,6 faizdir.
Reytinqin aşağı pillələrində “Jaguar”, “Mini” və “Maserati” kimi markalar yer alıb.
Bu markaların 250 min mil həddini keçmək ehtimalı 0,0 faizdir. “Fiat” avtomobilləri üçün isə bu göstərici 0,2 faiz təşkil edir. Aşağı nəticə göstərən digər markalar arasında “Porsche” (0,3 faiz), “Land Rover” (0,4 faiz), “Hyundai” (0,8 faiz) və “Jeep” (1,2 faiz) də var.
Ekspertlər vurğulayırlar ki, premium modellər kütləvi avtomobillərlə müqayisədə daha az intensiv istifadə olunur. Buna görə “Porsche” avtomobillərinin 250 min mil məsafəni keçmək ehtimalının aşağı olması onların keyfiyyətinin və ya uzunömürlülüyünün zəifliyindən çox, daha az intensiv istismar edilməsi ilə bağlı ola bilər.
250 min mil məsafəni keçmək ehtimalı ən yüksək olan 39 avtomobil markası
1. “Toyota” – 19,7 faiz 2. “Lexus” – 14,4 faiz 3. “Honda” – 13,3 faiz 4. “Acura” – 9,5 faiz 5. “GMC” – 5,8 faiz 6. “Mazda” – 5,3 faiz 7. “Lincoln” – 4,7 faiz 8. “Ram” – 4,2 faiz 9. “Ford” – 4,1 faiz 10. “Cadillac” – 3,9 faiz 11. “Chevrolet” – 3,6 faiz 12. “Nissan” – 3,4 faiz 13. “Tesla” – 3,3 faiz 14. “Subaru” – 2,8 faiz 15. “Mercedes-Benz” – 2,6 faiz 16. “Volvo” – 2,6 faiz 17. “INFINITI” – 2,5 faiz 18. “Dodge” – 1,7 faiz 19. “Volkswagen” – 1,5 faiz 20. “Jeep” – 1,2 faiz 21. “Kia” – 0,8 faiz 22. “Mitsubishi” – 0,8 faiz 23. “Hyundai” – 0,8 faiz 24. “Chrysler” – 0,7 faiz 25. “BMW” – 0,5 faiz 26. “Audi” – 0,5 faiz 27. “Land Rover” – 0,4 faiz 28. “Buick” – 0,4 faiz 29. “Porsche” – 0,3 faiz 30. “FIAT” – 0,2 faiz 31. “Jaguar” – 0,0 faiz 32. “MINI” – 0,0 faiz 33. “Maserati” – 0,0 faiz
Jalə Demokrat.az

