Milli Məclisin Elm və təhsil komitəsinin iclasında ali təhsil sistemində köklü dəyişikliklər təklif olunub. Komitə sədrinin müavini Fariz İsmayılzadə universitetlərdə 3 illik təhsil modelinə keçidin müzakirə edildiyini açıqlayıb. Deputat Ceyhun Məmmədov magistratura müddətinin 1 ilə endirilməsini irəli sürüb.
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, dünya təhsil modelinin mahiyyəti köklü şəkildə dəyişir və 4 illik bakalavr təhsili bir çox sahələrdə artıq öz aktuallığını itirməyə başlayıb.
Onun sözlərinə görə, parlamentdə bu mövzunun gündəmə gətirilməsi təkcə beynəlxalq təcrübəyə uyğunlaşmaq deyil, birbaşa əmək bazarının sürətli dinamikasına cavab vermək zərurətindən doğur:
“Avropanın illərdir tətbiq etdiyi bu sistemə hətta ABŞ kimi mühafizəkar ali təhsil ənənələrinə malik bir ölkənin də addım atması göstərir ki, zaman faktoru ali təhsildə ən kritik resursa çevrilib. 3 illik ali təhsil modelinə keçid ilk növbədə universitetlərin tədris proqramlarını yenidən nəzərdən keçirməyə məcbur edəcək. Bu, illərlə təkrar olunan, lazımsız nəzəri yükün ixtisara salınması, dərslərin sırf tətbiqi və praktiki bacarıqlara hədəflənməsi deməkdir. Tələbələr bir il vaxta və maliyyə resurslarına qənaət edərək əmək bazarına daha tez inteqrasiya olunacaqlar. Bu da həm gənclərin sosial-iqtisadi sərbəstliyinə, həm də ölkə iqtisadiyyatında insan resurslarının daha effektiv dövriyyəsinə imkan yaradacaq”.
Ekspert əlavə edib ki, buradakı əsas incə məqam yanaşmanın diferensial olmasıdır:
“Xüsusilə təcrübə və fundamental akademik bazaya ehtiyacı olan tibb təhsili (6 il), mühəndislik kimi sahələr (4 il) eyni çərçivədə qalmalı, lakin texnologiya, biznes, humanitar və sosial istiqamətlərdə intensivləşdirilmiş 3 illik proqramlar tətbiq edilməlidir. Ali təhsil haqqında qanunvericiliyin bu tələblərə uyğunlaşdırılması və geniş ictimai-ekspert dinləmələrinin keçirilməsi isə islahatın uğurunu təmin edən əsas dayaq olacaq”.


