Estetik mərkəzlərdə həyata keçirilən prosedurlar zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmaması ciddi sağlamlıq riskləri yarada bilər. Bəzi hallarda bir pasiyent üzərində istifadə edilən alət və vasitələrin lazımi qaydada dezinfeksiya edilmədən digər şəxslərdə də tətbiq olunması müxtəlif infeksiyaların və xəstəliklərin yayılmasına səbəb ola bilər.
Demokrat.az-a bu barədə açıqlama verən terapevt Şahvələd Məmmədov bildirib ki, təkcə estetik mərkəzlərdə yox, eləcə də stomatoloji mərkəzlərdə, ən çox kosmetologiya ilə məşğul olan xanımların otaqlarında və digər yerlərdə keçirilən prosedurlar zamanı sanitariya-gigiyena qaydalarına əməl olunmaması müxtəlif infeksiyaların yayılması riskini artırır. O cümlədən Hepatit B, Hepatit C, Hepatit D kimi infeksiyaların yayılmasına gətirib çıxara bilər.
Onun sözlərinə görə, təbii ki, həm estetik mərkəzlərdə, həm stomatoloji mərkəzlərdə, həm də gözəllik salonlarında bəzi hallarda pasiyent üzərində istifadə olunan alətlərin dezinfeksiya edilmədən, sterilizasiya olunmadan digər şəxslərə tətbiq edilməsi təhlükəlidir:
“Biz belə halların çox şahidi oluruq. Bəzən görürsən ki, estetik mərkəzlərdə prosedurdan sonra ay yarım, iki ay keçdikdən, yəni həmin gizli dövr dediyimiz müddət başa çatdıqdan sonra xəstə analiz verir və onda halsızlıq, keyifsizlik, tərləmə kimi şikayətlərlə yanaşı, Hepatit B, Hepatit C və ya Hepatit D aşkarlanır. Ona görə də, təbii ki, bu mərkəzlərə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən nəzarət olunmalıdır. Son vaxtlar estetik mərkəzlərdə bununla bağlı qalmaqallı söhbətlərin çox olması səbəbindən nəzarət gücləndirilib. Hesab edirəm ki, bu nəzarət daha da gücləndirilməli və mütəmadi aparılmalıdır”.
Qeyd edək ki, "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün burada əməliyyat olunan Ceyhunə Fərəcova Hepatit C virusuna yoluxub.


