Türkiyəli müğənni və televiziya aparıcısı Seda Sayan çoxsaylı evlilikləri ilə bağlı ona ünvanlanan tənqidlərə cavab verib.
Sənətçi Türkiyə Pərakəndə Satıcılar Federasiyasının Haliç Konqres Mərkəzində təşkil etdiyi “Pərakəndə Zirvəsi 2026” tədbirində iştirak edib. Kadir Çöpdemirin aparıcılığı ilə keçirilən proqramda Sayan karyerasından, uğur hekayəsindən və münasibətlər barədə təcrübələrindən danışıb.
Münasibətlər mövzusunda fikirlərini bölüşən sənətçi “7 dəfə evlənmiş qadın nə başa düşür, nə məsləhət verə bilər?” deyə onu tənqid edənlərə sərt cavab verib.
“Evliliyim 7 oldu, çox şükür. Münasibətlər haqqında danışıram. Deyirlər ki, ‘7 dəfə evlənmiş qadın nə başa düşür, nə məsləhət verəcək?’ Əslində, 7 dəfə evlənəni dinləyəcəksiniz. Əslində, məni dinləyəcəksiniz”, - deyə Sayan bildirib.
Seda Sayan sənətə gəlişindən də danışıb. O, uşaqlıq illərində müəlliminin onu radio imtahanlarına apardığını, daha sonra isə toy salonlarında mahnı oxumağa başladığını söyləyib.
“Aktyorluq heç vaxt ağlımda olmayıb. Həmişə mahnı və mahnı oxumaq istəyirdim. Toy salonlarında başladım”, - deyə sənətçi qeyd edib.
Sayan uğurun əsasının xəyal qurmaq və özünə inanmaq olduğunu vurğulayıb. O, dürüstlük və səmimiyyətin də uğur yolunda mühüm rol oynadığını bildirib.
“35 il canlı yayım etdim”
Televiziya karyerasının ilk illərində aldığı tənqidlərdən danışan Sayan bəzi insanların onun ekrandakı davranışlarını “saxta səmimiyyət” kimi qiymətləndirdiyini bildirib.
“Bir dəfə, iki dəfə və ya üç ay rol oynaya bilərsiniz. Amma bir yerdə mütləq üzə çıxarsınız. Sonra bunun üzərindən 35 il keçdi. 35 il canlı yayım etdim”, - deyə Sayan söyləyib.
Sənətçi Z nəslinin də onu izləməsinə münasibət bildirib. O, bunun səbəbini özü üçün dəqiq izah edə bilmədiyini, lakin gənclərin uşaqlıqda anaları, nənələri, xalaları və bibiləri onu izləyərkən televizor qarşısından keçərək Sayanı tanıdıqlarını düşündüyünü deyib.
Çıxışında qadınların münasibətlərdə üzləşdiyi manipulyasiya və mobbinq məsələsinə də toxunan Sayan güclü qadınların da bu cür halların qurbanına çevrilə bildiyini vurğulayıb.
O, xüsusilə zorakılığa məruz qalan qadınların susmamalı olduğunu bildirib:
“Onlar utanmamalıdır, bunu edən utanmalıdır. Hər şeyi ört-basdır edirik. Örtməyin. Örtdükcə bu, içimizdə yığılır”.
Leyla Demokrat.az


