Xarici siyasət Özəl

Erməni deputat: "Rusiya hərbi bazasının mövcudluğu Ermənistana xüsusi bir fayda verməyib"

Erməni deputat: Rusiya hərbi bazasının mövcudluğu Ermənistana xüsusi bir fayda verməyib

Rusiya Prezidentinin bəyanatları göstərir ki, biz yaxın gələcəkdə Ermənistan və Rusiya arasındakı münasibətlərin bütün çərçivəsini birgə nəzərdən keçirmək niyyətindəyik. Bu, müsbət yanaşmadır, çünki fikir ayrılığımız olan məsələlərdən daha çox məsələdə həmfikir olduğumuz ortaya çıxa bilər. Demokrat.az xəbər verir ki, "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Taquhi Qazaryan bu barədə Milli Assambleyada jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Qazaryan Rusiya Prezidenti Putinin hərbi bazanın çıxarılmasına hazır olduqlarını bildirməsinə toxunaraq deyib:

"Bu, bütün digər məsələləri müzakirəyə çıxarmaq, harada razılıq əldə etdiyimizi və harada fikir ayrılıqlarının olduğunu müəyyənləşdirmək üçün bir siqnaldır. Komandamız daxilində bu mövzu ilə bağlı hər hansı müzakirə aparılmayıb".

O, daha sonra Rusiya Federasiyası ilə əldə olunmuş razılaşmaların yenilənməsi lazım olduğu fikrini ifadə edibi:

"Vəziyyət dəyişib – biz dəyişmişik, dünya dəyişib – və bəzi elementlər qorunub saxlanıla bilsə də, digərləri dəyişdirilə bilər". Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasının ölkəni Türkiyə qarşısında müdafiəsiz qoyması ehtimalında hər hansı təhlükə görüb-görmədiyi sualına isə erməni deputat belə cavab verib:

"Xeyr, mən məsələyə bu cür yanaşmıram. İkincisi, Rusiya hərbi bazası ilə bağlı məsələ Ermənistanın gündəliyində deyildi; bu, hələ müzakirə etmədiyimiz yeni bir mövzudur. Bununla belə, mən bunu təhlükəli hesab etmirəm, çünki bazanın yerləşdirilməsi müddətini uzadan yenilənmiş müqaviləmizə əsasən, Rusiya hərbi bazası artıq təkcə Ermənistan-Türkiyə sərhədi ilə bağlı deyil, həm də Ermənistanın digər sərhədləri ilə əlaqədar konkret təhlükəsizlik öhdəlikləri daşıyır. Və düşünürəm ki, mənimlə razılaşarsınız: yumşaq desək, bu öhdəliklər heç də yaxşı səviyyədə yerinə yetirilməyib. Əgər həmin mövcudluq xüsusilə faydalı deyildisə, onda yoxluq da xüsusilə zərərli olmayacaq – xüsusilə də ona görə ki, hazırda regionda gərginliyin artması riski yoxdur; biz bu riski demək olar ki, sıfıra endirmişik"

Alparslan Demokrat.az

D
demokrat.az