Sosial Özəl

Kanatların təhlükəsizliyinə kim cavabdehdir? — Açıqlama (YENİLƏNİB)

Kanatların təhlükəsizliyinə kim cavabdehdir? — Açıqlama (YENİLƏNİB)

Ötən gün “Şəki Yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək həyatını itirməsi istirahət mərkəzlərində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Hadisə bu cür qurğuların texniki vəziyyətinə nəzarətin necə həyata keçirildiyi, onların hansı aralıqlarla yoxlanıldığı və istirahət mərkəzlərində təhlükəsizlik standartlarına nə dərəcədə əməl olunduğu ilə bağlı suallar yaradıb. Bəs kanat və digər əyləncə qurğularının texniki təhlükəsizliyinə kim nəzarət etməlidir və faciələrin qarşısının alınması üçün hansı tələblərə mütləq əməl olunmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, təhlükəsiz istismarın təşkilinə ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir.

Onun sözlərinə görə, müəssisə məsul şəxs təyin etməli və bu, hətta daxili əmrlə də rəsmiləşdirilməlidir:

“O cümlədən, hazırlıqlı operatorlar işləməli, operator müvafiq formada təlim və sertifikasiyadan keçmiş şəxs olmalıdır. Texniki xidmət və texniki baxışlar təşkil edilməlidir. Bunlar həmin müəssisənin gündəlik rutinləridir.

Atraksionların texniki təhlükəsizliyinə dövlət nəzarətini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirir. Dövlət yoxlaması müəssisənin gündəlik nəzarət öhdəliyini əvəz etmir. Yəni burada sadəcə dövri yoxlamalar həyata keçirilir. Planlı və növbədənkənar yoxlamalar.

Bu proses ərzində hər hansı qüsur aşkar edilərsə, fəaliyyət dayandırıla və ya icrası məcburi olan göstəriş verilə bilər.

Yoxlamalar hansı aralıqla aparılmalıdır? Burada gündəlik baxışlarla dövri texniki müayinəni fərqləndirmək lazımdır. FHN-in tələblərinə əsasən, gündəlik baxış keçirilməlidir. Praktik olaraq, bu baxış ziyarətçilər qurğulardan istifadə etməzdən əvvəl təlim keçmiş, səriştəli əməkdaş tərəfindən aparılmalı və nəticələr qeydə alınmalıdır.

Bu baxış zamanı ilkin olaraq vizual yoxlama aparılır. Eyni zamanda, daha geniş sahəni əhatə edən digər qeyri-dağıdıcı nəzarət üsulları da mövcuddur. İlkin mərhələdə vizual yoxlama zamanı gözlə görünən hər hansı uyğunsuzluq və ya qüsur aşkar edilərsə, istismar prosesi dayandırılmalıdır”.

Ekspert əlavə edib ki, FHN-in rəsmi açıqlamasına görə, atraksionlar ən azı 12 aydan bir texniki yoxlamadan keçməlidir:

“Lakin bu, “ildə bir dəfə yoxlanıldı, kifayətdir” demək deyil. Bu, sadəcə dünya təcrübəsindən də irəli gələn yanaşmadır. Troslar, kanatlar, liftlər və ümumiyyətlə, qaldırıcı qurğular ildə ən azı bir dəfə yoxlanılmalıdır.

Təhlükəsizliyə təsir edən təmir, dəyişiklik və ya hadisədən sonra qurğunun yenidən istifadəyə verilməsindən əvvəl əlavə yoxlamaların zəruriliyi qiymətləndirilməlidir. Konkret müayinə və sınaq proqramı qurğunun növünə və istismar sənədlərinə uyğun seçilməlidir.

Hansı təhlükəsizlik tələbləri mütləq icra edilməlidir? Burada mexanikləşdirilmiş atraksionun texniki pasportu, tələb olunan qeydiyyat və istismara buraxılma sənədləri olmalıdır. Operatorun hazırlığı və attestasiyası təmin edilməli, istifadəçilər təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdır. Burada attestasiya dedikdə onların əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin qiymətləndirilməsi nəzərdə tutulur.

Sənədlərin mövcudluğu isə qurğunun həmin gün faktiki olaraq saz vəziyyətdə olub-olmadığını yoxlamaq ehtiyacını aradan qaldırmır. Yəni sənəd ola bilər, amma qurğu yenə də istismara yararsız vəziyyətdə ola bilər.

Texniki nəzarət yalnız trosla məhdudlaşdırılmamalıdır. Dayaqlar, bərkitmə nöqtələri, birləşmələr, əyləc və sərnişini qoruyan sistemlər kompleks şəkildə yoxlanılmalıdır. Tələb olunan hallarda qeyri-dağıdıcı nəzarət üsulları tətbiq edilməli, aşınmış komponentlər müəyyən edilmiş meyarlara əsasən dəyişdirilməlidir.

İcazə verilən çəki, sərnişin sayı və hava şəraiti ilə bağlı məhdudiyyətlərə əməl edilməli, hər istifadədən əvvəl sərnişinin düzgün bərkidilməsi yoxlanılmalıdır.

Bundan başqa, qurğunun növünə uyğun qəza zamanı dayandırma və təhlükəsiz təxliyə imkanları, hündürlükdən xilasetmə planı, lazımi avadanlıq və hazırlıqlı heyət olmalıdır. Yəni lazımi heyət dedikdə burada xilasetmə planını icra edəcək xilasetmə dəstəsi nəzərdə tutulur.

Təhlükəsizliyə təsir edən nasazlıq aşkarlandıqda fəaliyyət dayandırılmalı, təhlükəsiz vəziyyət təsdiqlənmədən istismar bərpa edilməməlidir.

Əsas prinsip isə budur. Texniki yoxlama sadəcə sənəddə imza deyil, insan həyatını qoruyan real nəzarət mexanizmi olmalıdır”, - deyə Samir Nəbiyev fikrini tamamlayıb.

Demokrat.az olaraq Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil.

Nuray Paşşanlı

D
demokrat.az