Ermənistanın Avropaya inteqrasiya istiqamətindəki səyləri qarşılıqsız qalır və İrəvanın bu niyyətləri Avropa İttifaqına üzv olmaq ümidi ilə sonsuz bir gözləyişə səbəb ola bilər.
Demokrat.az-ın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri və Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski TASS-a açıqlamasında bildirib.
"Dəfələrlə qeyd etdiyim kimi, Paşinyan "Ukrayna dırmığı"nın üstünə çıxır. İrəvan faktiki olaraq, qarşılıqlılıq barədə heç bir hüquqi təminat olmadan Avropa inteqrasiyası yolunu seçib. İrəvana xəbərdarlıq edilmişdi: eyni anda iki stulda oturmaq mümkün deyil. Seçim ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük — öz bazar və ticarət üstünlükləri ilə birlikdə — ya da Aİ-yə inteqrasiya istiqamətindəki o tikanlı yol və onunla bağlı qapı ağzında sonsuz gözləmə müddətidir. Lakin bu, onların öz seçimidir", deyə Rusiya LDP-nin lideri Ermənistana xəbərdarlıq edib.
Parlament üzvü həmçinin qeyd edib ki, Avropa inteqrasiyasına can atmaqla, Ermənistanın hazırkı hakimiyyəti "Rusiya ilə uzunmüddətli əməkdaşlığı ciddi risklər altına atıb" və bununla da əsasən Rusiya bazarına yönəlmiş olan öz iqtisadiyyatını zəiflədib.


