Avto Özəl

Təcili satılan avtomobillərlə bağlı həqiqət üzə çıxdı — Açıqlama

Təcili satılan avtomobillərlə bağlı həqiqət üzə çıxdı — Açıqlama

Avtomobil bazarında eyni model və buraxılış ilinə aid maşınların qiymətləri elan saytları ilə sosial şəbəkələrdə ciddi şəkildə fərqlənir. Bəzən bu fərq 5-6 min manata qədər çatır və alıcılar real bazar qiymətinin hansı rəqəm olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Eyni avtomobil “Turbo.az”da 32 min manata təklif olunursa, sosial şəbəkələrdə 24 min manata satılır və bunun səbəbi “təcili satış” kimi göstərilir.

Belə avtomobilləri alanları hansı risklər gözləyə bilər? Qiymətlər arasındakı bu fərqin səbəbi nədir və avtomobil alarkən hansı qiymətə əsaslanmaq daha doğrudur?

“AutoProject” şirkətinin rəhbəri, avtomobil üzrə mütəxəssis Elçin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, elan saytlarında göstərilən məbləğ hər zaman son satış qiyməti olmur.

“Burada nəzərə almaq lazımdır ki, elan saytında göstərilən qiymət həmişə real satış qiyməti deyil. Avtomobil 32 min manata elan oluna, amma faktiki olaraq daha aşağı qiymətə satıla bilər. Digər tərəfdən, bazar qiymətindən xeyli ucuz avtomobilə ehtiyatla yanaşmaq lazımdır. “Təcili satış” həqiqətən pula ehtiyacla bağlı ola bilər, amma bunun arxasında ciddi qəza, su altında qalma, yürüşün dəyişdirilməsi, mühərrik, sürətlər qutusu və ya elektron sistemlərdə bahalı nasazlıqlar da gizlənə bilər”.

Mütəxəssis qeyd edib ki, xüsusilə müasir elektrik və hibrid avtomobillərdə gözlə görünməyən problem sonradan minlərlə manat xərc yarada bilər:

“Buna görə avtomobili almamışdan əvvəl müstəqil servisdə tam diaqnostika etdirmək və mümkün qədər tarixçəsini araşdırmaq vacibdir. Real bazar qiymətini müəyyən etmək üçün bir elana deyil, eyni model, il, komplektasiya, yürüş və vəziyyətdə olan bir neçə avtomobilə baxmaq lazımdır. Bazar qiymətindən xeyli ucuz avtomobil mütləq pis avtomobil demək deyil. Sadəcə belə təklifə “çox sərfəlidir” kimi deyil, “niyə bu qədər ucuzdur?” sualı ilə yanaşmaq lazımdır”.

Qısası, maşının bazar dəyərindən ucuz olması çox vaxt onun gizli və xərc tələb edən qüsurundan xəbər verir.

Fidan Hacızadə

D
demokrat.az