Sosial Özəl

Diaqnostik imtahan müəllimlər üçün nə vəd edir? — Açıqlama

Diaqnostik imtahan müəllimlər üçün nə vəd edir? — Açıqlama

İndiyədək bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan dövlət ümumi təhsil müəssisələrinin müəllimləri imtahan olunacaqlar. Diaqnostik qiymətləndirilməyə cəlb edilən müəllimlər üçün proses yalnız test imtahanı mərhələsindən ibarətdir. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.

Demokrat.az-a bu barədə təhsil eksperti Əmrah Həsənli söyləyib ki, məsələyə hüquqi və normativ çərçivədən yanaşsaq, ilk növbədə diaqnostik qiymətləndirmənin əsl mahiyyətini doğru dəyərləndirmək lazımdır:

“Bu proses sertifikatlaşma imtahanı deyil və burada əsas məqsəd müəllimləri hər hansı sanksiya ilə üz-üzə qoymaq yox, onların mövcud bilik və bacarıq səviyyəsini, eləcə də təlim ehtiyaclarını dəqiq müəyyənləşdirməkdir. Buna görə də diaqnostik qiymətləndirmədən keçə bilməyən, yəni müəyyən olunmuş minimum həddi toplamayan müəllimlərə qarşı dərhal əmək müqaviləsinə xitam verilməsi kimi kəskin tədbirlər tətbiq edilmir. Bu hal hüquqi baxımdan işdən çıxarılmaq üçün əsas təşkil etmir”.

Ekspert qeyd edib ki, əvəzində aşağı nəticə göstərən pedaqoqlar Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən xüsusi ixtisasartırma və peşəkar inkişaf təlimlərinə cəlb olunurlar:.

"Burada əsas hədəf müəllimin ixtisas və ya metodika üzrə zəif olduğu tərəfləri aşkar etmək və həmin çatışmazlıqları mütəxəssis dəstəyi ilə aradan qaldırmaqdır. Eyni zamanda, bu qiymətləndirmə müəllim üçün bir növ fürsətdir ki, öz peşəkar potensialını obyektiv şəkildə görsün və gələcəkdə keçiriləcək, hüquqi nəticələri daha ciddi olan məcburi dövlət sertifikatlaşması imtahanına qədər öz üzərində işləyərək biliklərini təkmilləşdirsin. Qanunvericiliyin tələblərinə uyğun olaraq, burada əsas yanaşma cəzalandırmaq deyil, müəllimi dəstəkləmək və onun peşəkar inkişafına şərait yaratmaqdan ibarətdir”.

Fidan Hacızadə

D
demokrat.az