Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti addımları müzakirə etməsi müharibənin gələcəyi və mümkün sülh danışıqları ilə bağlı sualları yenidən gündəmə gətirib. Vaşinqton və Moskva arasında müəyyən məsələlər üzrə razılaşmanın əldə olunması danışıqlar prosesinə yeni istiqamət verə, Ukraynanın mövqeyinə isə birbaşa təsir göstərə bilər.
Bəs ABŞ və Rusiya arasında mümkün razılaşma Ukraynanın danışıqlardakı mövqeyinə necə təsir edər? Vaşinqton Moskva ilə razılığa gəlmək üçün Ukraynaya müəyyən güzəştlərə getməsi ilə bağlı təzyiqlə üzləşə bilərmi və belə bir ssenari münaqişənin gələcək nizamlanmasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Vaşinqton hazırda tərəflərin mövqelərini və danışıqlara hazırlığını yoxlayır.
Onun sözlərinə görə, tərəflər arasında gərginliyin hansı həddə olduğu, diplomatik kanalların açıq olub-olmadığı və atəşkəsə nail olmaq imkanlarının mövcudluğu qiymətləndirilir:
“Adətən Vaşinqton indiki məqamda hər iki tərəfin mövqeyini yoxlayır. Ümumiyyətlə, sülhə yönəlmiş hər hansı imkanın olub-olmadığını müəyyənləşdirməyə çalışır. O baxımdan da bu səfəri həm də bu cür qiymətləndirmək lazımdır. Yəni tərəflər arasında gərginliyin hansı həddə olduğu, diplomatik kanalların açıq olub-olmadığı və Vaşinqtonun vasitəçiliyi ilə tərəflərin ən azı bir atəşkəs sazişinə nail olub mövcud status-kvonu qəbul edə biləcəklərinin imkanları yoxlanılır.
Əslində, Amerika Birləşmiş Ştatlarının “bal və balta” yanaşması var. Bunun mahiyyəti ondan ibarətdir ki, indiki mərhələdə, hələlik diplomatik vasitələrlə tərəflərin mövqeləri yoxlanılır. Əgər diplomatik addımlara müsbət cavab verilməzsə, Vaşinqton tərəfləri atəşkəsə razı salmaq üçün daha ciddi təzyiqlər göstərə bilər.
Yəni hələlik bu, diplomatik mərhələdir. Əgər bu diplomatik addımlara mənfi cavab gələrsə, Vaşinqtonun reaksiyası daha sərt ola bilər”, – deyə politoloq fikrini tamamlayıb.


