Kriminal Özəl

Bakıda 40 yaşlı kişi arvadını döydü, məhkəmə 1000 manat cərimələdi

Bakıda 40 yaşlı kişi arvadını döydü, məhkəmə 1000 manat cərimələdi

Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Hacıqabul rayon sakini, 1986-cı il təvəllüdlü Hüseyn yaşadığı evdə arvadı Əminə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş məişət mübahisəsi zəminində əli ilə arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib, ona xəsarətlər yetirib.

Faktla bağlı Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2013-cü ildə Əminə ilə rəsmi nikaha daxil olub, həmin nikahdan üç azyaşlı uşaqları olub:

“Məlum hadisə günü, saat 11:00 radələrində arvadım ilə birlikdə işdən evə qayıtdım. Hamamda duş qəbul etməyə getdim. Hamamdan çıxdıqdan sonra isə aramızda məişət zəminində mübahisə yarandı. Mübahisə zamanı arvadım məni nalayiq ifadələrlə təhqir etdiyindən əsəbiləşdim. Əlim ilə onun baş və sol çiyin nahiyəsinə, ayağım ilə isə sol bilək və hər iki bud nahiyəsinə zərbələr vuraraq döydüm. Sonradan arvadımın barəmdə polisə müraciət edərək şikayət etdiyini bildim”.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Hüseyn 1000 manat miqdarında cərimə olunub.

Fariz Məlikli

D
demokrat.az