Azərbaycanda 25 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin iyul ayı ərzində baş verib. Sabirabad rayon sakini, 2001-ci il təvəllüdlü Sərxan həmin ilin iyul ayının əvvəllərində, gecə saat 2 radələrində qəsəbədə yetkinlik yaşına çatmayan Süsənə (adlar şərtidir – red.) qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.
Süsən onun bu təklifinə etiraz etdikdə isə sifət nahiyəsinə bir şillə zərbəsi vuraraq zorla onunla əlaqədə olub. Bundan əlavə, Sərxan eyni əməllərini iyul ayında iki dəfə, avqust ayında isə bir dəfə təkrarlayıb.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə iş üzrə izahat verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Süsən ilə tanışlığı “Tik-tok” sosial şəbəkəsi vasitəsilə baş tutub:
“Təxminən 2025-ci ilin iyun ayında həmin sosial şəbəkədə tərəfimdən istifadə olunan profildə canlı yayım açdım. Həmin vaxt Süsən də açdığım canlı yayıma daxil olaraq gecə saat 2-3 radələrinədək məni izlədi. Mən əvvəlcə Süsənin kim olmasını bilmədim, canlı yayımda onun kimliyini soruşdum. Bundan sonra Süsən mənə şəxsidə ismarıc yazaraq qonşum olduğunu bildirdi. Süsən valideynlərinin adını çəkdikdən sonra onun kim olmasını bildim. O, yazışmasını heç kimə bildirməməyi xahiş etdi”.
Sərxan qeyd edib ki, 2025-ci ilin iyun ayında onlar sosial şəbəkə vasitəsilə əlaqə saxlamağa davam edib və Süsən tez-tez onunla hal-əhval tutmaq üçün ismarıclar yazıb:
“Bir müddət sonra aramızda sevgi münasibəti yarandı. Bir gün Süsən problemi olduğunu, Əsəd adlı biri ilə danışdığını, ona şəkil göndərdiyini, Əsədin həmin şəkli silmədiyini, Əsədin onunla evlərinin həyətində görüşmək istədiyini bildirdi. Süsənin göndərdiyi şəklin hansı məzmunda olduğunu bilmədim. Mən bu barədə Süsəni sorğu-sual etdim. O, Əsəd ilə evlərinin həyətində hamam otağında görüşdüyünü, onu öpdüyünü dedi. Süsənə Əsəd ondan əl çəkməyəcəyi təqdirdə bu barədə mənə deməsini bildirdim. Süsənin Əsəd ilə öpüşdüyünü bildikdən sonra bir müddət onun ismarıclarına cavab yazmadım. Bundan sonra Süsən mənə “gələrsən, səni də öpərəm” deyə ismarıc yazdı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2025-ci ilin iyul ayında Süsən onu evlərinin həyətinə dəvət edib və evin həyətinə haradan daxil olmağı izah edib:
“Süsənin göstərdiyi yerdən, yəni evin hasarından tullanaraq həyətə daxil oldum. Onunla həyətdə olan ayaqyolunun qarşısında görüşdüm. O, mənim üzümdən öpdü, mən isə onun boğaz nahiyəsindən öpdüm. Daha sonra Süsəndən boğaz nahiyəsindən öpdüyümə görə üzr istədim. İlk görüşdən bir gün sonra yenidən Süsəngilin həyətinə gedərək onunla yaxınlıq etdim. Bütün hərəkətlərimi Süsənin razılığı ilə etdim”.
Sərxan qeyd edib ki, daha sonra Süsəndən çılpaq şəkillər istəyib və onunla əlaqədə olmağı təklif edib:
“İlk dəfə Süsənin bildirdiyi kimi onların həyətində deyil, mənim evimdə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Bu zaman Süsənə heç bir təzyiq etməmişəm. O, özü könüllü olaraq əlaqədə olmaq istəyib. Əlaqənin ağrısız və səssiz olmasına görə onun ilk dəfə əlaqədə olmaması ilə bağlı məndə şübhə yarandı. Mən bu barədə Süsəndən bir neçə dəfə israrla soruşdum. O, bibisi qızı ilə bir-birlərinə qarşı seksual xarakterli hərəkətlər etdiklərini, bu formada əlaqədə olmaqdan xoşu gəldiyini bildirdi. Bundan bir gün sonra Süsən məni evlərinin həyətinə çağırdı. Həyətdə olarkən mənə başqa birini sevdiyini dedi. Lakin həmin şəxsin adını bildirmədi. Mən buna görə əlim ilə Süsəni sifət nahiyəsindən itələmişəm. Lakin ona şillə zərbəsi vurmamışam”.
Sərxanın ifadəsinə görə, daha sonra onlar həyətdəki hamamda qeyri-təbii yolla əlaqədə olublar:
“Bundan təxminən iki-üç gün sonra Süsən Ağcabədi rayonuna musiqi tədbirinə gedəcəyini bildirdi. Mən etiraz etdikdə aramızda sözlü mübahisə yarandı. Aramızdakı mübahisəyə görə münasibətlərimiz soyudu. Mən onun ismarıclarına cavab vermədim. Bundan sonra Süsən özü mənim evimə gəldi, mənimlə əlaqədə olduqdan sonra getdi. Bundan sonra Süsən bir neçə dəfə israrla məni evlərinin həyətinə dəvət etdi”.
Sərxan qeyd edib ki, sonuncu dəfə isə digər əxlaqsız formada əlaqədə olmağı təklif edib:
“Mən də razılaşaraq 2025-ci ilin iyulun 27-də onların evinin həyətinə getdim. Həyətdəki ayaqyolunda bu hərəkətləri etdik. Bundan sonra bir daha Süsənlə görüşmədim. Daha sonra qəsəbə ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları məni Füzuli Rayon Polis Şöbəsinə çağırdılar. Polis əməkdaşları həmin oğurluq hadisəsini mənim tələbəm Vüsal adlı şəxsin törətməsindən şübhələndilər. Onunla bağlı mənə bir neçə sual verildi. Daha sonra mənim Vüsalla yazışmalarıma baxmaq üçün mobil telefonumu götürdülər. Polis əməkdaşları telefonundakı yazışmalara baxarkən mənim Süsənlə yazışmalarımı, həmçinin “silinmələr” bölməsindən Süsənin mənə göndərdiyi çılpaq şəkilləri və videonu aşkar etdilər”.
Təqsirləndirilən şəxs deyib ki, yaşadığı qəsəbədə yerləşən idman zalında qaydasız döyüş üzrə idman müəllimi kimi işləyib. Onun sözlərinə görə, Süsənlə iki dəfə onların evinin həyətində hamamda, iki dəfə öz evində yataq otağında əlaqədə olub:
“Bundan əlavə Süsənlə iki dəfə də görüşmüşəm. Lakin həmin görüşlərdə aramızda intim yaxınlıq olmayıb. Mən ilk başda Süsənlə onun istəyi ilə əlaqədə olduğumu düşündüyümdən buna normal baxmışam. Sonradan münasibətlərimizin normal olmadığını anlamışam. Dəfələrlə Süsənlə münasibətlərimə son qoymaq istəsəm də, o, məndən əl çəkməyib. Küçədə məni güdüb, çox sayda yazılı və səsli ismarıclar yazıb. Mən ondan çılpaq fotoşəkillərini istəmişəm. O, “İnstagram” mobil tətbiqi vasitəsilə çılpaq vəziyyətdə olduğu fotoşəklini və video göndərib. Həmin şəkillərə və videoya baxdıqdan sonra onları silmişəm. Süsənlə onun razılığı ilə əlaqədə olmuşam. Süsənə qarşı heç bir zor tətbiq etməmişəm. Onunla olan münasibətimizdən heç kəsin məlumatı olmayıb”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ilk dəfə Süsənin boğaz nahiyəsindən öpən zaman, həmçinin sonradan onunla əlaqədə olmaq istəyən zaman ona etiraz edib, belə münasibət istəmədiyini deyib:
“Bu vaxt Süsənin Əsədin onlara gəldiyini bilməyimi ona deyəcəyim ilə hədələmədim, Süsənlə onların həyətində olan tualetdə əlaqədə olan zaman onun sifət nahiyəsinə şillə ilə zərbə vurmamışam. Sadəcə olaraq əlim ilə sifət nahiyəsindən itələmişəm, onunla əlaqədə olmuşam. Süsənin məndən başqa hər hansı şəxslə əlaqədə olmasını görməmişəm, bununla bağlı heç bir məlumatım yoxdur”.
İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, 2025-ci ilin iyun ayında yaşadığı qəsəbədə mağazaya gedərkən Sərxan onun qarşısını kəsib və ondan “Tik-tok” sosial şəbəkəsində işlətdiyi səhifəni istəyib:
“Mən də səhifəmi ona verdim. Bundan sonra Sərxan “Tik-tok” sosial şəbəkəsində baş hissəsi mənə aid, bədən hissəsi başqa qadın cinsli şəxsə aid montaj olunmuş fotoşəkil göndərdi. Mən Sərxanla normal dost kimi münasibət saxlayaraq danışdım. Bir müddət əlaqələrimi kəsdikdən sonra Sərxan sosial şəbəkədə “istək” göndərdi və biz yenidən danışmağa başladıq. Mənim idmançı olmaq arzum olub. Sərxan da idman müəllimi olduğundan onunla yaxın münasibət saxlamışam. Bir müddət sonra isə aramızda sevgi münasibəti yarandı. O, mənə 18 yaşım tamam olduqdan sonra həyat yoldaşından boşanacağını, elçi göndərərək atamdan məni istəyəcəyini bildirdi”.
Süsən bildirib ki, onların sevgi münasibəti yarandıqdan sonra, 2025-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə, gecə saatlarında Sərxan ilk dəfə ona cinsi əlaqədə olmağı təklif edib:
“Lakin Sərxanın bu təklifi ilə razılaşmadım. Bundan sonra Sərxan evimizin həyətindəki hamama gələcəyini, mənimlə bir dəqiqəlik görüşmək istədiyini bildirdi. Həmin gecə Sərxanla hamamda görüşdük. O, iradəmə zidd olaraq onun boyun və dodaq nahiyələrimdən öpdü. Bundan sonra Sərxana bu kimi hərəkətlərə yol verməməsini, məni bir daha narahat etməməsini bildirdim. Sərxan onunla əlaqəni kəsəcəyim halda göndərdiyim çılpaq şəkli atama da göndərəcəyini bildirdi”.
Süsən qeyd edib ki, 2025-ci ilin iyul ayında Sərxan ona yenidən əlaqədə olmağı təklif etsə də, razılaşmayıb:
“Biz yenidən hamamda görüşəndə Sərxana yaşımın az olduğunu, əlaqədə olmaq istəmədiyimi bildirdim. Sərxan bu sözlərimdən əsəbiləşdi, sifət nahiyəmə şillə zərbəsi vurdu, mənimlə əlaqədə oldu. Bundan iki gün sonra Sərxan məni evlərinə çağırdı. Gəlmək istəmədiyimi bildirdikdə isə çılpaq fotoşəkillərimi yayacağı ilə hədələdi. Bundan sonra onun yaşadığı evə getdim. O, yenidən əlaqədə olmaq istədi. Mən isə etiraz etdim. Lakin o, əlaqədə olmamış məni evdən buraxmayacağını dedi. Buna görə də məcbur qalaraq əlaqədə oldum”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Sərxan ondan dəfələrlə hər hansı alətlə bakirəliyini pozmağı, həmin prosesi videoyazıya almağı tələb edib, lakin onun tələblərini yerinə yetirməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçisi müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilən şikayət təmin edilməyib, amma Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Sərxanın əməli Cinayət Məcəlləsinin 152.4.1-ci (təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib. O, 3 il müddətə yetkinlik yaşına çatmayan şəxslərlə bağlı müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib, 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


