Quba rayonunda qadına xəsarət yetirilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri, Vaqif küçəsində yerləşən kafenin qarşısında baş verib. Rüstəm kafesinin qarşısında İlhamənin (adlar şərtidir – red.) onunla gəzməyə getmək təklifinə etirazını bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı onun üzündən yumruqla vurub.
Faktla bağlı Rüstəmə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 19 radələrində Quba şəhəri, Vaqif küçəsində “Xəmsə” kafesinin qarşısında öncədən tanıdığı İlhaməni avtomobilində görüb:
“İlhaməyə yaxınlaşaraq Qəçreş kəndində çay içməyi təklif etdim. O, həmin vaxt kobud formada sözlə etirazını bildirdi və aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı onun üzündən bir şillə vurdum”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, himayəsində xəstə anasının olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını istəyib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Rüstəm 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində Quba rayonunun hüdudlarını tərk etməsi, həmçinin həmin müddətdə hər gün axşam saat 23:30-dan növbəti gün səhər saat 06:30-dək yaşayış yerini tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.


