Sosial Özəl

32 min diplomlu işsiz: ölkənin əmək bazarında nə baş verir?

32 min diplomlu işsiz: ölkənin əmək bazarında nə baş verir?

Azərbaycanda ali təhsilli şəxslərin əmək bazarında iş tapmaqla bağlı çətinlikləri diqqət çəkir. Hazırda ölkədə 32 minə yaxın ali təhsilli şəxs işsiz kimi qeydiyyatdadır. Bu isə ali təhsilin əmək bazarının tələblərinə nə dərəcədə uyğun olduğu və məzunların ixtisaslarına uyğun işlə təmin olunması məsələsini gündəmə gətirir.

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda 32 minə yaxın ali təhsilli şəxsin rəsmi işsiz statusu daşıması, ölkə iqtisadiyyatı ilə ali təhsil sistemi arasındakı struktur uyğunsuzluğun və təhsilin keyfiyyət probleminin bariz göstəricisidir:

32 min diplomlu işsiz: ölkənin əmək bazarında nə baş verir?

"Rəsmi dövlət orqanlarının hesabatlarına istinadən açıqlanan ən son göstəricilərə görə, ölkədə 31 min 785 ali təhsilli şəxs rəsmi olaraq işsiz kimi qeydiyyata alınıb. Bu vəziyyət sadəcə keçici bir iqtisadi çətinlik deyil, təhsil və iş sistemindəki köklü problemlərin göstəricisidir. Universitetlərin əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlaya bilməməsinin və ali təhsilli işsizliyinin yüksək olmasının əsas səbəbləri bir-biri ilə sıx bağlı olan üç əsas müstəvidə qruplaşdırılır: Birincisi, ölkə iqtisadiyyatının mövcud quruluşundan qaynaqlanır. Belə ki, iqtisadiyyatın əsas hissəsini təşkil edən neft-qaz sektoru böyük gəlir gətirsə də, öz təbiəti etibarilə çox sayda insana iş yeri yaratmır. İş yerlərinin daha çox açıldığı qeyri-neft sektoru isə (məsələn, xidmət və tikinti sahələri) əksər hallarda yüksək akademik savad və nəzəri biliklər deyil, praktiki texniki-peşə bacarıqları tələb edir. İkincisi, universitetlərin köhnə sistemlə işləməsindən (tədris proqramı böhranından) qaynaqlanır. Universitetlərin tədris proqramları sürətlə dəyişən rəqəmsal iqtisadiyyatın trendlərindən təəssüf ki, geri qalır. Təhsil sistemi tələbələrdə real iş həyatında lazım olan tətbiqi və yumşaq bacarıqları (tənqidi təfəkkür, data analitikası, problem həll etmə) formalaşdırmaq əvəzinə, hələ də nəzəriyyəyə və məlumatların mexaniki şəkildə əzbərlənməsinə əsaslanır. Həmçinin istehsalat-təhsil-elm zəncirindəki əlaqəsizlik səbəbindən tələbələrin istehsalat təcrübələri formal xarakter daşıyır. Üçüncü səbəb isə bazardakı diplom bolluğuna rəğmən tərəflərin bir-birindən gözləntilərinin fərqli olmasındadır. Burada işəgötürənlər rəqəmsal savadlılıq və sahəvi proqram təminatı üzrə bacarıqlar tələb etdiyi halda, məzunlar çox vaxt yalnız kağız üzərində diploma sahib olurlar. Eyni zamanda gənclər öz ixtisaslarına tam uyğun gəlməyən və ya gözləntilərindən aşağı olan iş təkliflərindən imtina edərək könüllü işsizə çevrilirlər. Bu keyfiyyət və kadr hazırlığı problemi daxili əmək bazarı ilə yanaşı, universitetlərin qlobal akademik inteqrasiyasına da birbaşa zərbə vurur. Belə ki, müasir dövrdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki (QS, Times Higher Education və s.) mövqeyi və nüfuzu birbaşa məzunların əmək bazarındakı uğurları, qlobal işəgötürənlərin rəyi və korporativ sektorla birgə elmi-tədqiqat layihələrinin həcmi ilə ölçülür".

İlqar Orucov əlavə edib ki, universitetlər əmək bazarının dinamik tələblərinə adekvat kadr hazırlamaq funksiyasını yerinə yetirə bilmədiyi üçün həm daxili işsizliyi artırır, həm də beynəlxalq arenada rəqabət qabiliyyətini, xarici investisiya və tələbə cəlbediciliyini itirir: "Bu böhrandan çıxış üçün təhsil proqramlarının işəgötürənlər tərəfindən diktə edildiyi "dual təhsil" modelinə keçilməsi və universitetlərin dövlət tərəfindən maliyyələşməsinin birbaşa məzunların ixtisası üzrə işlə təmin olunma faizinə bağlanması strateji zərurətdir".

Fidan Hacızadə

D
demokrat.az