"Azərbaycan Prezidentinin Qırğızıstana səfəri həm Qırğızıstan-Azərbaycan münasibətləri kontekstində, həm də Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Qırğızıstan-Azərbaycan münasibətləri ikitərəfli qaydada inkişaf edən və dinamik münasibətlər hesab edilməlidir:
"Çünki iki ölkə arasında xüsusi hökumətlərarası komissiya yaradılıb, iki ölkə arasında xüsusi investisiya fondu yaradılıb. Bu investisiya fondu vasitəsilə konkret layihələr həyata keçirilir. Yəni, Qırğızıstan-Azərbaycan münasibətləri bu gün sürətlə inkişaf edən münasibətlər hesab edilir. Amma bu, sadəcə iki ölkə arasında potensial münasibətlərin bir hissəsidir. Çünki biz qardaş Qırğızıstanla həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlıq edirik. Eyni zamanda, İpək Yolunun, Böyük İpək Yolunun Orta Dəhlizi üzrə də yenə Qırğızıstan mühüm kommunikasiyalara ev sahibliyi edən və Çindən gələn kommunikasiyaları qardaş Özbəkistanla birləşdirən mühüm dövlətdir, mühüm coğrafiyadır".
Deputat əlavə edib ki, bütün bunlar isə Qırğızıstan-Azərbaycan münasibətlərinin həm də gələcəyini, yəni böyük gələcəyini müəyyən edir:
"Ona görə də, əgər biz bura tarixdən gələn ortaq mədəni əlaqələri, ortaq dil perspektivini, ilk növbədə, ortaq əməkdaşlıq perspektivlərini də nəzərə alsaq, görəcəyik ki, Qırğızıstan Azərbaycan üçün nə qədər mühüm əhəmiyyətli bir ölkədir. Necə ki, Azərbaycan Qırğızıstan üçün Avropaya uzanan coğrafiyadır. Başqa bir məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti həm də Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Bu da özlüyündə Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasındakı münasibətlərin və əlaqələrin daha da genişlənməsinə, inkişaf etməsinə səbəb olacaqdır".


