Dünya

İstanbulda əqrəb panikası: Evlərin içinə qədər girib

İstanbulda əqrəb panikası: Evlərin içinə qədər girib

İstanbulda havaların isinməsi ilə əqrəblərin yaşayış binalarında və mənzillərin içində görünməsi sakinlər arasında narahatlıq yaradıb. Kağıthane və Üsküdarda bir neçə sakin evlərində əqrəblə qarşılaşdıqlarını, hətta bəzi hallarda onların binanın yuxarı mərtəbələrinə qədər çıxdığını bildiriblər.

Demokrat.az "Hürriyet"ə istinadən xəbər xəbər verir ki, Kağıthanedə yaşayan sakinlərdən biri evində təxminən 7-8 santimetr ölçüsündə əqrəb gördüyünü deyib. Əqrəbin evə necə daxil olduğunu bilmədiyini bildirən sakin qorxudan pişiyini də götürərək evdən çıxıb. Onun sözlərinə görə, binadakı digər sakinlər də giriş və qapıların qarşısında əqrəb gördüklərini bildiriblər.

Mütəxəssis Prof. Dr. Ersen Aydın Yağmurun sözlərinə görə, İstanbulda üç əqrəb növü qeydə alınıb. Onlardan *Euscorpius tauricus* və *Euscorpius italicus* insan məskənlərinə daha tez-tez daxil olur. Bu növlər nəmli mühitləri və çatları sevdiyindən binalar onlar üçün əlverişli sığınacaq yaradır. Bundan başqa, yaşayış məntəqələrində milçək, tarakan və çəyirtkə kimi qidaların çox olması da əqrəbləri cəlb edir.

Əqrəblər divarlara və tavanlara rahatlıqla qalxa bildikləri üçün yüksək mərtəbələrə də çata bilirlər. Onlar pəncərələrdən, damlardan, zirzəmilərdən və binalardakı müxtəlif çat və boşluqlardan evlərə daxil ola bilirlər.

Ekspert İstanbulda insan həyatı üçün ciddi təhlükə yaradan əqrəb növünün olmadığını bildirib. Bununla belə, əqrəb sancması zamanı ehtiyatlı olmaq, nahiyəni sabun və su ilə yumaq, allergik reaksiya və ya ciddi narahatlıq yarandıqda isə xəstəxanaya müraciət etmək tövsiyə olunur.

Əqrəblərdən qorunmaq üçün pəncərələrə tor çəkilməsi, divar və döşəmələrdəki çatların bağlanması, zirzəmi və damların nəzarətdə saxlanılması məsləhət görülür. Mütəxəssis evlərin qaranlıq yerlərinin, xüsusilə də nəm və az istifadə olunan sahələrin mütəmadi yoxlanılmasını tövsiyə edib.

Jalə Demokrat.az

D
demokrat.az